Fransa Senatının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Azərbaycanda səfərdə olan Fransa Senatının nümayəndə heyəti bu gün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Trend-in məlumatına görə, Senat üzvü Natali Qulenin başçılığı ilə Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə gəlmiş müşahidə missiyasının üzvləri abidə önünə əklil qoyub, 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətliamın qurbanlarının xatirəsini yad ediblər.
Fransa senatorları Memorial Kompleksdə yaradılmış muzeylə tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirilib, bunun nəticəsində minlərlə dinc insan, o cümlədən uşaq, qadın və qoca amansızlıqla qətlə yetirilib. Fransalı parlamentarilər abidə-muzeydə 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyatı, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar.
Qonaqlara soyqırımın törədildiyi bölgələr, ermənilərin törətdikləri vəhşiliklər və bununla bağlı faktların dünya miqyasında yayılması üzrə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci il faciəsinin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət kəsb edir. Kompleksin artıq Azərbaycana gələn qonaqların və rəsmi nümayəndə heyətlərinin daim ehtiramla ziyarət etdiyi bir abidə olduğu diqqətə çatdırılıb.
Fransa Senatının üzvləri soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Kompleks ərazisində ağac əkiblər.
Kompleksin xatirə kitabını imzalayan Senat üzvləri “Bu hadisələr təkrarlanmaması üçün unudulmamalıdır” deyə kitabda qeyd ediblər.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci ildə ərazidə torpaq işləri görülərkən aşkar edilib. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin rəsmi açılışı sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda ermənilərin azərbaycanlılara qarşı soyqırımı tarixi öz əksini tapıb.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, soyqırım faktlarının dünyada tanıdılması Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Son illər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyada tanıdılması üzrə müxtəlif layihələr, Quba Soyqırım Memorial Kompleksinin yaradılması, Xocalı Soyqırımı Memorial Kompleksi üzrə hazırda aparılan işlər Azərbaycan həqiqətlərinin daha geniş miqyasda yayılmasına xidmət edir.