Azərbaycan gələn il müdafiə, elm, təhsil və səhiyyə xərclərini artıracaq
2014-cü ildə Azərbaycan hökuməti beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205,4 milyon manat ayıracaq. Trend-in məlumatına görə, bu barədə 2014-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulur.
O cümlədən, yeni yaradılmış diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat ayrılması proqnozlaşdırılır.
Gələn il Azərbaycan beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat (Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf bankı, İslam İnkişaf Bankı Qrupu, ECOBANK, BMT-nin Katibliyi, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Dünya Ərzaq Proqramı, İslam Əməkdaşlıq Təşkilatı və qurumları, MDB, Avropa Şurası və qurumları, ATƏT, ATƏT PA, GUAM-ın Katibliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibliyi, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası (Tehran Konvensiyası), Beynəlxalq Telekommunikasiya İttifaqı) və Azərbaycanın digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 127 milyon manat vəsait proqnozlaşdırılır.
2014-cü ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün 60 milyon manat vəsait nəzərdə tutulub.
Azərbaycanın 2014-cü il dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min (2013-cü ildə 1 milyard 528 milyon 582 min) manat nəzərdə tutulur. Bu, büdcənin müdafiə xərcləri bölməsində nəzərdə tutulan vəsaitdən 7,1% çoxdur.
Ümumilikdə, 2014-cü ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14,7%-ni təşkil edəcək.
Gələn il elm xərclərinə isə 146,8 milyon manat ayrılacaq. Bu, 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 30,1 milyon manat və ya 25,8 faiz çoxdur.
2014-cü ildə elm xərclərində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,5 milyon manat, elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, AMEA-nın elmi obyektlərinin qurulması və əsaslı təmiri üçün 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması və müasir laboratoriya avadanlıqların alınması üçün isə 5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
2014-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də elmi təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait ayrılması gözlənilir.
2014-cü il dövlət büdcəsində qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün 222,2 milyon manat nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 9,4 milyon manat çoxdur.
2014-cü ildə təhsil xərcləri üçün 1653,4 milyon manat (2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 8,0 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 200,3 milyon manat və ya 13,8 faiz çox) vəsait ayrılıb.
2014-cü ildə təhsilin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,2 faiz təşkil etməklə 2013-cü illə müqayisədə 0,5 faiz çox olacaq.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 851,0 milyon manatı və ya 51,5 faizi natamam və orta təhsil xərclərinin, 488,9 milyon manatı və ya 26,6 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 33,0 milyon manat və ya 2,0 faizi ali təhsil xərclərinin, 158,7 milyon manat və ya 9,6 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 78,6 milyon manat və ya 4,8 faizi texniki-peşə məktəblərinin və liseylərin, 43,2 milyon manatı və ya 2,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.
İlk dəfə olaraq 2014-cü il dövlət büdcəsinin “təhsil xərcləri” bölməsində xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclər üçün 2,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
2014-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 725,6 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz, 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 116,2 milyon manat və ya 19,1 faiz çoxdur.
Gələn il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.
Ayrılan vəsaitin 367,2 mln manatı və ya 50,6 faizi xəstəxanaların, 106,1 milyon manatı və ya 14,6 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı və ya 33,2 faizi səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.
İlk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5,0 mln manat vəsait ayrılıb.
Gələn ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluq orqanlarının saxlanması üçün 1 milyard 240 milyon 298 min (2013-cü ildə 1 milyard 114 milyon 796 min) manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü ildə ayrılan vəsaitdən 11,3 faiz çoxdur.
Qeyd edək ki, məhkəmə hakimiyyəti, hüquq-mühafizə