Azərbaycanın işğal altında olan bölgələrinə həsr edilmiş daha bir kompüter oyunu yaradılıb
Bakıda “İşğal altında – Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, “İşğal altında – Ağdam” kompüter oyunu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Azərbaycan tarixini əks etdirən kompüter oyunlarının hazırlanması ilə bağlı hissəsinin icrasının təmin olunması məqsədilə və “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” gənclərdən ibarət təşəbbüs qupu tərəfindən hazırlanıb.
Təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur. İlk oyun “İşğal atında – Şuşa” bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb:
“Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunun tərbiyəsinə müsbət təsir göstərəcək. Bu oyunları istehsal etməklə gənclərin yaddaşı yenidən canlandırılır və Azərbaycan həqiqətlərini virtual aləmdə canlandırır. Erməni işğalçıları tərəfindən dağıdılmış Ağdam şəhəri dünyanın “20 kabus şəhər”i siyahısına daxil edilib. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun gücü ilə işğal altında olan digər bölgərimizlə yanaşı, Ağdam da azad ediləcək və onu “kabus şəhər”lər siyahısından çıxaracağıq.”
İ.Babayevin sözlərinə görə, Azərbaycanın işğal edilmiş bölgələrinə, o cümlədən tarixinə həsr edilmiş oyunların istehsalı ilə bağlı layihələr davam etdiriləcək və bu ilin sonunadək daha bir kompüter oyununun təqdimatı olacaq.
Təqdimat mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, oyunun adı ağır olsa da, bu günümüzün reallığı, Azərbaycanın rastlaşdığı bəla ilə bağlıdır. Gənclərin bu təşəbbüsünün alqışa layiq olduğunu deyən Elmir Vəlizadə digərlərini oxşar layihələri həyata keçirməyə çağırdı: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu prosesə dəstək verir. Ağdam işğaldan azad olunandan sonra isə bu oyunun yeni seriya və versiyaları yaradılacaq”.
“AzDimension” qrupunun rəhbəri Fərid Haqverdiyev isə bildirib ki, “İşğal altında – Ağdam” kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində – işğaldan öncə və işğaldan sonra göstərilib: “Əsas məqsəd Azərbaycan gənclərinin Ağdamı unutmadığını göstərmək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünyaya yaymaqdır”.
Qeyd edək ki, oyunu yaxın zamanlarda www.isgalaltında.com saytından və www.facebook.com/AzDimension sosial səhifəsindən yükləmək mümkün olacaq.