MSK-nın Mətbuat Qrupu xarici KİV-in təşviqat xarakterli materiallar yayması ilə bağlı bəyanat qəbul edib
Azərbaycan Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupu çərşənbə günü prezident seçkilərində kütləvi informasiya vasitələri tərəfindən seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasına çağıran bəyanat yayıb.
Trend-in məlumatına görə, Mətbuat qrupu bəyan edib ki, bəzi kütləvi informasiya vasitələri qanunvericiliyin tələblərinə məhəl qoymadan bir çox hallarda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks-təşviqat aparır, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək seçicilərin ədalətli məlumat almaq hüquqlarını pozmuş olurlar: “Son vaxtlar bu hal respublikamızın ərazisində yayımlanan bəzi xarici kütləvi informasiya vasitələrinin fəaliyyətində də özünü qabarıq büruzə verir. “Azadlıq”, “Amerikanın səsi” ve ВВС radiostansiyaları kimi nüfuzlu qurumların bu prosesdə iştirakı ən azı anlaşılmazdır”.
İclasda bildirilib ki, “Azadlıq”, “Amerikanın səsi” ve ВВС radiostansiyaları Seçki Məcəlləsinin 74.4.1 və 90.2-ci maddələrini pozublar. Çünki bu maddələrlə beynəlxalq təşkilatlar və xarici KİV-ə təbliğat-təşfiqat aparmaq qadağası qoyulur. Lakin həmin media qurumları seçkiqabağı təşviqat aparırlar. Ötən dəfə bu məsələ bu qrupun iclasında qaldırılıb, lakin onlar hələ də bunu davam etdirirlər.
MSK üzvü Fuad Cavadov deyib ki, həm yerli, həm xarici KİV sadə informasiyanı verə bilər, lakin canlı yayım aparmağa, hansı namizədinsə xeyrinə və ya əleyhinə fikirlər səsləndirə bilməz.
Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat müddətlərinin və qaydalarının pozulmasına gətirib çıxaran, hər hansı bır namizədin lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-də dərc edilməsi və yayımlanması, xüsusilə də buna hüququ olmayan KlV tərəfindən seçkiqabağı təşviqat aparılması qəti qadağandır.
Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan Azər Tağıyev, Fuad Cavadov, Almaz Qəhrəmanlı MSK üzvü, Azər Sarıyev MSK katibliyinin əməkdaşı, qalan 15 nəfər isə informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.