Azərbaycan Prezidenti İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidentini və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etmişdir
AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul etmişdir.
Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını dedi. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi.