İran Sərhəd Polisi: Azərbaycanın işğal olunmuş ərazilərindən heç bir narkotik maddə keçirilmir
“Bizim Dağlıq Qarabağda sərhədin mühafizəsinə məsul şəxslərlə diplomatik əlaqələrimiz yoxdur. Sərhədin mühafizəsini birtərəfli şəkildə təşkil edirik. Ola bilsin, həmin ərazilərə cüzi miqdarda narkotik maddələr daxil olur. Lakin deyə bilərəm ki, bizim nəzarətimiz altında işğal olunmuş ərazilərdən heç bir narkotik maddə keçirilmir”.
Trend xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında İran İslam Respublikasının (İİR) Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ilə sərhədin qorunmasının necə təşkil olunması və həmin ərazilərdən narkotik qaçaqmalçılığı üçün istifadə edilməsi məsələsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İran narkotik qaçaqmalçılığı və tranziti ilə ciddi mübarizə aparır:
“Biz əslində narkotik maddələrin Azərbaycana və Türkiyəyə daha çox gətirilməsinin qarşısını alırıq. İranda hər ay 38 tondan çox narkotik maddə aşkar edilir. Pakistan və Əfqanıstanla sərhəddə narkotik qaçaqmalçılığının qarşısını almaq üçün çoxlu işlər görürük. Narkotiklərlə mübarizədə 4000 nəfərdən çox şəhid vermişik, 12 mindən çox da yaralımız var. Biz Əfqanıstanla sərhəddə narkotik qaçaqmalçıları ilə mübarizə nəticəsində təkcə bir cinayətkar qrupdan 12 ton narkotik maddə müsadirə etmişik. Əgər biz bütün bu narkotik maddələrin qarşısını almasaq, region ölkələri üçün necə faciə baş verəcəyini anlamaq olar”.
İranlı komandan qeyd edib ki, bəzi İran və Azərbaycan vətəndaşları sərhəddə narkotik qaçaqmalçılığı ilə məşğul olurlar. Lakin hər iki ölkə sərhədçilərinin səyi nəticəsində Azərbaycan tərəfinə qanunsuz narkotik az gətirilir:
“Bizim qarşılaşdığımız miqdarlarla müqayisədə bu çox azdır. Azərbaycan və İran sərhədçiləri ölkələrimizin sərhədlərini çox yaxşı qoruyur. Bəzi şəxslərin sərhədin bəzi yerlərində narkotik daşımasına nail olması istisna deyil. Bunların bir qismi İran və Azərbaycan sərhədçiləri tərəfindən həbs olunublar”.