Almaniyanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsini tələb edir
Almaniya hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməsini tələb edir. Trend-in məlumatına görə, bu barədə AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Azərbaycanın Almaniyadakı səfirliyinin deputat Yürgen Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı müraciətinə cavabında deyilir.
Sentyabrın 12-də AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı fraksiyasından olan deputatı Y.Klimke Ermənistana və oradan Azərbaycan tərəfinin razılığı olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və orada separatçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi bu qeyri-qanuni səfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribatçı bir addımdır.
Y.Klimkenin işğal altındakı ərazilərimizə bəhs edilən səfəri ilə bağlı səfirlik tərəfindən Y.Klimkeyə etiraz məktubu ünvanlanıb və ondan bu qeyri-qanuni səfəri haqqında izahat verməsi tələb edilib. Həmçinin, səfirlik Bundestaqın CDU/CSU fraksiyasına müraciət edib ki, məsələyə münasibət bildirsin.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair AFR hökumətinin mövqeyi məlumdur. Bu mövqeyə əsasən, AFR hökuməti Azərbaycan ərazilərində mövcud olan nə qondarma rejimi, nə də onun hər hansı bir “nümayəndəsi”ni tanımır. Bu xüsusda Y.Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi qeyri-qanuni səfərə dair artıq AFR-in Bakıdakı səfirliyi müvafiq bəyanatla çıxış edib.
Eyni zamanda, AFR Bundestaqının deputatı Filip Misfelder, Bundestaqda CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü olaraq, Y.Klimkenin işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazova müvafiq məktub göndərərək məsələyə dair CDU/CSU fraksiyası adından münasibət bildirib.
O, məktubunda Y.Klimkenin bu səfəri həyata keçirməsindən təəccübləndiyini və məyus olduğunu diqqətə çatdırıb və CDU/CSU fraksiyasından olan deputatın Dağlıq Qarabağa səfər etməsini səhv addım adlandırıb və bununla onun yanlış bir siqnal verdyini vurğulayıb.
F.Misfelder bəyan edib ki, Y.Klimke tərəfindən doğru addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını tənqid etmək və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü diqqətə almaq olardı. O bildirib ki, Y.Klimkenin bəhs edilən səfəri şəxsi bir səfərdir, CDU/CSU fraksiyasına aidiyyəti yoxdur və fraksiya tərəfindən heç bir şəkildə dəstəklənmir.
F.Misfelder daha sonra bildirib ki, Bundestaqın CDU/CSU fraksiyası çoxsaylı mətbuat məlumatları və mövqe sənədləri ilə AFR hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini dəstəkləyib. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr bu günədək yerinə yetirilməyib.