Növbəti aylarda NATO və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi müzakirə ediləcək
Növbəti aylarda NATO və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi yolları müzakirə ediləcək. Bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Trend-ə müsahibəsində bildirib.
C.Appaturay vurğulayıb ki, alyans NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını yeniləmək istəyir: “Hesab edirəm ki, daha böyük əməkdaşlıq üçün real imkanlar var. NATO Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə çox maraqlıdır”.
NATO rəsmisi qeyd edib ki, Azərbaycan və NATO müdafiə və təhlükəsizlik sahəsində islahatlar üzrə əməkdaşlığı davam etdirəcək:
“Azərbaycan artıq öz üzərinə ISAF missiyasının gələn ilin sonunda başa çatmasından sonra Əfqanıstanı dəstəkləmək üçün NATO müttəfiqlərinə qoşulmaq öhdəliyi götürüb”.
C.Appaturayın sözlərinə görə, son zamanlar xüsusi diqqət mülki şəxslərin silahlı qüvvələrdə rolu, təşkilat, planlaşdırma və büdcə sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması səyləri və hərbi təhsil sisteminin islahatına yönəlib:
“NATO və Azərbaycan 1997-ci ildən müdafiə sahəsində islahatlar üzərində birgə işləyir. Bu illər ərzində yeni strateji sənədlərin hazırlanması və qəbulu, NATO terminologiyasının və konseptlərinin tətbiqi, ingilisi dilinin təlimi, kimyəvi, bioloji, radioloji və nüvə maddələrindən qorunma və silahlı qüvvələrin NATO standartlarına uyğunlaşdırılması kimi məsələlərdə əhəmiyyətli irəliləyiş əldə olunub”.
NATO nümayəndəsi qeyd edib ki, alyans, həmçinin Azərbaycan sülhməramlı qüvvələri ilə sıx işləyir: “Bu birləşmələrin NATO-nun keçmişdə Kosovada və hazırda Əfqanıstandakı əməliyyatlarında iştirakı onların real bacarıqlarını sübut edir”.
C. Appaturay bildirib: “Mən, həmçinin NATO müttəfiqlərinin Ceyrançöldə minasızlaşdırma layihəsinə həm maliyyə, həm də texniki təcrübə ilə dəstək verməsini gözləyirəm. Sonda qeyd edim ki, NATO və Azərbaycan enerji təhlükəsizliyi kimi təhlükəsizlik çağırışları sahəsində əməkdaşlığı araşdırır. Birgə görəcəyimiz çox iş var”.