İlham Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqin etimadnaməsini qəbul edib.
Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir İrfan Siddiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İrfan Siddiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişaf etdiyini dedi.
Londona səfərlərini və Baş nazir Devid Kemeron ilə ötənilki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olmasının önəmini qeyd etdi.
Böyük Britaniyanın ölkəmizə sərmayə qoyan əsas investorlarından biri olduğunu vurğulayan dövlətimizin başçısı Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin əhəmiyyətini qeyd etdi.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq sürətlə inkişaf edən ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğuladı. İrfan Siddiq ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.