Azərbaycan gəncləri Roma Papasının rəsmi qəbul mərasimində iştirak ediblər
Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Assosiasiyasının təşkilatçılığı və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə cari ilin 31 avqust – 10 sentyabr tarixlərində İtaliyada “Həmrəy Yay Düşərgəsi” adlı humanitar layihə həyata keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, layihədə iştirak etmiş Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən məcburi köçkün ailələrindən olan 13-16 yaşlı 15 nəfərdən ibarət gəncin İtaliyanın Pometsiya, Neapol, Çerveteri, Roma şəhərlərinə və San Marino Respublikasına səyahəti baş tutub.
31 avqust tarixində azərbaycanlı gənclərin Pometsiya şəhərinə səfəri zamanı şəhər başçısı Fabio Fuççi ilə görüşü olub. Görüşdə F.Fuççi çıxış edərkən bu cür layihənin həyata keçirilməsinin önəmli olduğunu qeyd edib. Görüşdə şəhər sakinləri və mətbuat nümayəndələri iştirak ediblər. Daha sonra gənclər şəhərin mərkəzi küçəsində keçirilmiş konsertdə iştirak ediblər.
2 sentyabr tarixində gənclər Bakı şəhəri ilə qardaşlaşmış Neapol şəhərinə səfər ediblər. Səfər zamanı gənclərin şəhər başçısı Luici de Macistris ilə görüşü olub. Görüşdə L. de Macistris gəncləri səmimi salamlayaraq onların İtaliyaya səfəri haqqında fikirlərini dinləyib, öz növbəsində, belə layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib.
Sentyabrın 4-də gənclər Roma Papası Fransiskin rəsmi qəbul mərasimində iştirak ediblər.
5 sentyabr tarixində gənclər San Marinonun Əmək və Mədəniyyət nazirliklərinin dəvəti ilə San Marinoya səyahət ediblər.
7 sentyabr tarixində gənclər Çerveteri şəhərinə səfər ediblər. Səfər zamanı gənclərin şəhər başçısı Alessio Paskuççi ilə görüşü olub. Görüşdə A.Paskuççi İtaliya və Azərbaycan arasında inkişaf edən münasibətlərdən danışıb və bu cür humanitar layihələrin birgə həyata keçirilməsindən məmnun olduğunu bildirib.
9 sentyabr tarixində gənclərin Roma şəhər hakimiyyətinin təhsil və gənclər məsələləri üzrə müşaviri xanım Alessandra Kattoy ilə görüşü olub. Görüş zamanı A.Kattoy İtaliya və Azərbaycan arasında gənclərlə iş üzrə birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Daha sonra gənclərin İtaliyaya səfəri haqqında təəssüratları dinlənilib və şəhər hakimiyyəti adından gənclərə xatirə hədiyyələri təqdim edilib.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande də iştirak ediblər.
Səfər çərçivəsində azərbaycanlı gənclər, həmçinin zoopark və əyləncə mərkəzlərində olub, həmçinin italyanlı gənclərlə dostluq futbol yarışı keçirilib.