Amerikalı həmsədr: “Mən bütün tərəfləri dinləmək və situasiyanı daha yaxşı anlamaq üçün buraya gəlmişəm”
“Atəşkəsin 20-ci ildönümü yaxınlaşır. Mən hesab edirəm ki, bölgədə sülh və inkişafın yolunu tapmaq lazımdır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik deyib.
Həmsədr bildirib ki, Minsk Qrupu və onun həmsədrlərinin, Azərbaycan, Ermənistan və digər bölgə ölkələrinin bərabər çalışaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi addımları atmalarının vaxtı çatıb.
Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb-tanımadığı barədə jurnalistlərin sualını diplomat belə cavablandırıb: “Mən bütün tərəfləri dinləmək və situasiyanı daha yaxşı anlamaq üçün buraya gəlmişəm. Keçmişlə əlaqədar deyil, gələcəyə baxmaq və münaqişəni həll etmək üçün buradayam”.
C. Uorlik rusiyalı və fransalı həmkarları ilə birlikdə işə başlamağı səbirsizliklə gözlədiyini söyləyərək öz fəaliyyətini realizm və praqmatizm əsasında həyata keçirəcəyini və hər iki tərəfin həll yolunu tapması üçün çalışacağını vurğulayıb: “Bu münaqişə 20 ildən çoxdur davam edir, bir çox insan problemin həllinə kömək etmək istəyib. Ümid edirəm ki, bütün tərəflər davamlı sülhün əldə edilməsinin onların marağına uyğun olduğunu artıq dərk edir”.
Qeyd edək ki, bu, C. Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Azərbaycana və bölgəyə ilk səfəridir.