Prezident İlham Əliyev MDB Müşahidə Missiyasının rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskini qəbul edib. APA-nın məlumatına görə, görüş zamanı Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə prezident İlham Əliyevə məlumat verib. O, respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını deyib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını vurğulayıb. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd edib.
Öz növbəsində prezident İlham Əliyev MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu ifadə edib. Dövlət başçısı MDB Müşahidə Missiyasının ötən dövrlərdə keçirilən seçkilərdə obyektiv və uğurla fəaliyyət göstərdiyini, seçkilərin nəticələri ilə əlaqədar Parlament Assambleyasında Azərbaycan xalqının iradəsi ilə bağlı verdikləri ədalətli qiyməti yüksək dəyərləndirib. Builki prezident seçkilərinə hazırlıq məsələlərinə toxunan prezident İlham Əliyev müşahidəçi missiyaların seçkiyə hazırlıqla bağlı bütün proseslərdə yaxından iştirak etdiklərini və hazırlıq işlərinin beynəlxalq standartlara uyğun şəkildə aparıldığını deyib. Seçkinin hər bir ölkənin həyatında mühüm mərhələ olduğunu qeyd edən dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını dedi və seçkilərin yüksək standartlara uyğun şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimizin MDB Parlamentlərarası Assambleyasında fəal əməkdaşlığının önəmi qeyd olunub.
Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev də iştirak edib.