Azərbaycanla İsrail arasında gömrük sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsrail Gömrük Direktorluğunun Gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadadı və ekspertlər- Alon Tassa, Omer Dinur və Gal Orpazı qəbul edib.
DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədri Aydın Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu deyib.
Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılığını vurğulayıb. O, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edən Komitə sədri əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə təcrübə mübadiləsini, qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Komitə sədri bu baxımdan ötən il tərəflər arasında imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və tərəflərin inteqrasiyasını sürətləndirdiyini bildirib. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla açıqlayıb.
İsrail Gömrük Direktorluğunun Gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadad Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən burada iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan ekspert iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.