Avrasiya Rabitə Alyansının yaradılmasına dair Azərbaycanın təqdim etdiyi qətnamə layihəsi BMT tərəfindən qəbul olunub
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 3-5-də ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirin Birləşmiş Ştatlara səfəri əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub.
Qətnamə layihəsi Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən assambleya üzvlərinə təqdim edilib. Layihənin müzakirəsi zamanı Baş Assambleyanın sədri Vuk Yeremiç və BMT baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo çıxış edərək, Azərbaycan təşəbbüsünü dəstəkləyiblər.
Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub. ABŞ Dövlət Departamentində Beynəlxalq Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.
Bundan başqa, nazir ABŞ-ın “ITT Exelis” qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və “Futron” şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.
Sentyabrın 4-də RİTN-in təşəbbüsü ilə “UN Plaza” mehmanxanasında Azərbaycan gecəsi təşkil olunub, tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və yerli diasporların nümayəndələri iştirak ediblər. Tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev də iştirak edib.