Azərbaycan və Almaniya alimlərinin birgə tədqiqatlarının ilkin nəticələri açıqlanıb
Azərbaycan və Almaniya alimlərinin neft geologiyasi sahəsində apardıqları birgə tədqiqatların ilkin nəticələri açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Keçid zonasının neft-qazlılığının perspektivliyinin öyrənilməsi” layihəsinin məqsədi Qobustanda dənizlə quru ərazilərin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir. Araşdırmalar 2012-ci ilin noyabrında başlayıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, sözügedən ərazidə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə, indiyə qədər mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla qonşu olan quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivliyinə inanmağa əsas verirdi. Layihə çərçivəsində alimlər həmin ərazidə əvvəllər aparılmış tədqiqat və qazma işlərinin nəticələrini yenidən təhlil ediblər. “RWE Dea”nın elmi-texniki imkanları və təcrübəsi əsasında əlavə çöl işləri aparılır, keçid zolağının perspektivliyini müəyyən etməyə səylər göstərilir. İlkin nəticələr tədqiqatçıların sözügedən perspektivliyə inanmaqda yanılmadıqlarını sübut edir.