BMT-nin Baş Assambleyası Azərbaycana dair qətnamə qəbul edib
BMT-nin Baş Assambleyası “Avrasiya Rabitə Alyansı”nın yaradılmasına dair qətnamə qəbul edib. Trend-in məlumatına görə, bu barədə BMT-nin rəsmi internet səhifəsində bildirilir.
Baş Assambleya üzv dövlətləri Trans-Avrasiya regionunda regional telekommunikasiya tranzit marşrutlarının inkişafına bir yol kimi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birlikdə “Avrasiya Rabitə Alyansı”nın yaradılması təklifini dəstəkləmək üçün dəvət edib.
Məlumatda bildirilir ki, “Avrasiya Rabitə Alyansı”nın yaradılmasına dair qətnamə yekdilliklə qəbul edilib.
Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Alyans informasiya və kommunikasiya texnologiyaları sahəsində transregional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafıq sahədə bilik mübadiləsi üçün regional platformanın yaradılması məqsədi daşıyır.