Avqustda Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 161 dəfə pozub
Avqust ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 161 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu itki verməyib.
Avqust ayında Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiyaya cəhd göstərən Ermənistan Ordusunun 5 hərbçisi öldürülüb, biri mayor rütbəli olmaqla 6 hərbçisi yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi isə Azərbaycan tərəfinə keçərək təslim olub.
Monitorinq məlumatlarının təhlilləri ermənilərin avqust ayının əvvəllərində Qarabağ cəbhəsinin Füzuli və Goranboy istiqamətlərində, ayın ortalarından etibarən isə dövlət sərhədində aktivləşdiklərini göstərir. Avqustda ermənilərin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə də aktivləşməsi qeydə alınıb. Müdafiə Nazirliyi Ermənistan Ordusu tərəfindən Ordubad rayonu istiqamətində 1 dəfə atəşkəs pozuntusunun baş verməsinə dair məlumat yayıb.
Avqust ayında əsas atəşkəs pozuntuları cəbhənin Füzuli rayonu sahəsində baş verib. Adıçəkilən ərazidə Ermənistan Ordusu tərəfindən atəşkəs rejimi 40 dəfə pozulub. Sonrakı yeri 29 atəşkəs pozuntusu ilə Goranboy rayonu tutub.
Ötən ay Qarabağ cəbhəsi üzrə Ağdam rayonu istiqamətində 19, Tərtər rayonu istiqamətində 18, Xocavənd rayonu istiqamətində 14, Göygöl istiqamətində 7, Cəbrayıl rayonu istiqamətində 4 atəşkəs pozuntusu olub. Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində 13, Qazax rayonu istiqamətində 12, Daşkəsən istiqamətində isə 4 fakt qeydə alınıb.
Qeyd edək ki, cari yanvar-avqust aylarında cəbhədə 1263 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186, iyulda 180, avqustda 161) qeydə alınıb.