Ombudsmanın əməkdaşları uşaq müəssisələrinə baş çəkiblər

Posted by

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı hər iki müəssisənin bütün obyektlərinə, yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya və mətbəxə, ümumi əraziyə baxış olub.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə saxlanılan uşaqlarla, müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilib. Saxlanma şəraiti və rəftar məsələlərinin qənaətbəxş olduğu müəyyən edilib. Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında uşaqlarla, müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

Uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

APA