Azərbaycanın XİN başçısı Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə Pakistana təşəkkür edib

Posted by

Xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşü çərçivəsində Azərbaycanda səfərdə olan pakistanlı həmkarı Xavaca Məhəmməd Asiflə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə 2017-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, iki ölkə arasında təşəkkül tapmış ənənəvi mehriban dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

İkitərəfli əlaqələrin dərinləşdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barəsində qonağı məlumatlandıran E.Məmmədyarov 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 saylı Qətnamə qəbul edildiyini xatırladaraq, rəsmi İslamabada Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqeyə və münaqişənin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklədiyinə görə təşəkkür edib.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu nəzərə alaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqinə yönəlmiş birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin daha da irəlilədilməsində Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.

Həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizinin maraqlı və yeni imkanlar vəd etdiyi bildirilib və bu xüsusda iki ölkənin nəqliyyat sahəsi üzrə mütəxəssislərinin görüşünün mümkünlüyü müzakirə edilib. Tərəflər Azərbaycan və Pakistan arasında hava uçuşlarının bərpası məsələsinin vacibliyinə toxunublar.

E.Məmmədyarov Azərbaycanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyü barədə həmkarına məlumat verib.

Həmçinin, Nazirlər ilk iclası keçirilən Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşünün ümumi maraq doğuran məsələlərin müzakirəsi və qarşılıqlı faydalı layihələrin işlənib-hazırlanması baxımından əhəmiyyətli platforma olacağına ümidvar olduqlarını bildirdilər. İkitərəfli formatda dövlətlər arasında parlamentlər səviyyəsində mövcud pozitiv əməkdaşlıq ruhunun üçtərəfli səviyyədə də davam etdiriləcəyini və bunun dostluq əlalərinin daha da dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Sonda Asiyanın Qəlbi-İstanbul Prosesinin və Proses çərçivəsində VII Nazirlər Konfransının əhəmiyyəti qeyd olunub.

Report.az