Cinayət və cinayətkarlıqla mübarizə sahəsində bir sıra problemlərin olması və onların aradan qaldırılması istiqamətində görülən işlər demək olar biri-birinə adekvat deyil. Belə ki, cəmiyyətin sürətlə aşındığı, insanların mənəvi keyfiyyətlərinin aşağı düşdüyü bir zamanda cinayətkarlıq daha sürətlə artır. Bu baxımdan yetkinlik yaşına çatmayanların cinayət törətmə faktlarının artması cəmiyyəti daha çox narahat etməlidir. Çünki yetkinlik yaşına çatmayanların cinayətkar əməlləri artan templə inkişaf edir. Belə şəxslərin cinayətkar aləmə düşmələri və ya çəkilmələri daha asan olur. Xüsusilə ailə və dövlət qayğısından kənarda qalan uşaqların cinayətkar qruplara cəlb edilməsi həmçinin dilənçiliklə məşğul olmağa məcbur edilmələri təhlükəli tendensiyadır. Bu səbəbdən polis və pokurorluq orqanlarının üzərinə daha çox iş düşür. Onlar cinayətkarlıqla mübarizə ilə yanaşı həmçinin cinayəti törədən səbəblərin müəyyən edilməsi və aradan qaldırılması işlərinin aparılmasını da paralel olaraq aparmalıdırlar. Bu baxımdan həmin orqanlarda xüsusi olaraq yetkinlik yaşına çatmayanlarla işləmək bacarıqları olan şəxslərin təmsil olunmaları vacibdir.
Cinayət törədən yetkinlik yaşına çatmayanların şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi zamanı həmçinin məhkəmə prosesləri zamanı onun yaş psixologiyası nəzərə alınmalıdır. Onunla davranış və istintaq hərəkətlərinin keçirilməsi zamanı hansısa psixoloji travmalar almasının qarşısını almaq məqsədi ilə qanunverici məhdudiyyətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 50-ci fəsli yetkinlik yaşına çatmayanların barəsində icraatın xüsusiyyətlərinə həsr edilmişdir. Bildiyimiz kimi, Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayət törədənədək 18 yaşına çatmamış şəxslər başa düşülür. 432-ci maddədə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsi olan şəxslər tərəfindən aparılmalıdır. Təcrübə göstərir ki, bir çox hallarda belə təcrübəsi olan mütəxəsislərin çatışmaması səbəbindən yetkinlik yaşına çatmayanlarla iş təcrübəsi və bacarıqları olmayan şəxslər işləməli olurlar. Bir sıra Avropa ölkələrində, artıq yuvenal ədliyyə orqanları müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Məsələn; Almaniya, Yunanıstan və İtaliyada yalnız yetkinlik yaşına çatmayanların işlərinə baxan məhkəmələr fəaliyyət göstərir.
Almaniya Respublikasının Məhkəmə sistemində aşağıdakı növ məhkəmələr vardır: 1. Mülki işlər üzrə, 2. Cinayət işləri üzrə, 3. İnzibati ədliyyə, 4. Maliyyə məhkəmələri, 5. Əmək işləri üzrə məhkəmələr, 6. Sosial ədliyyə, 7. Konstitusiya məhkəməsi. Cinayət işləri üzrə məhkəmənin tərkibində Yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələr fəaliyyət göstərirlər. Bu məhkəmələr 14 yaşdan 21 yaşınadək şəxslərin törətdiyi hüquq pozuntularına baxır. Bu ölkədə yetkinlik yaşına çatmayanlara ilk növbədə tərbiyə və islah cəzaları tətbiq olunur, bunlar nəticə vermədikdə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Yaş həddi ilə bağlı məsuliyyətə cəlbetmə mümkün olmadıqda, iş himayəçilik işləri üzrə hakimə verilə bilər.
Yunanıstan Respublikasında məhkəmə sistemini 6 hissəyə bölmək olar. Burda Cinayət işləri üzrə məhkəmələrin tərkibində olan yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələr öz növbələrində 3 hissəyə bölünür: 1. yetkinlik yaşına çatmayanların işləri üzrə tək hakimdən ibarət islah məhkəməsi, 2. yetkinlik yaşına çatmayanların işləri üzrə üç hakimdən ibarət islah məhkəməsi, 3. yetkinlik yaşına çatmayanların işləri üzrə Apellyasiya məhkəməsi. Bu məhkəmələr 12 yaşından 17 yaşınadək şəxslərin törətdiyi hüquq pozuntularına baxır.
İtaliya məhkəmə sistemini isə üç hissəyə bölürlər. Burada Cinayət işləri üzrə ümumi yuristiksiyalı məhkəmələrin biri də yetkinlik yaşına çatmayanların işləri üzrə tribunallardır. İtaliya məhkəmə sistemində həmçinin Mülki, ticarət və əmək işləri üzrə ümumi məhkəmələrin tərkibində də yetkinlik yaşına çatmayanların işləri üzrə tribunal vardır. Yetkinlik yaşına çatmayanların işləri üzrə tribunal ümumi yuristiksiya məhkəməsindən ayrı, onun ərazisində fəaliyyət göstərir. Kollegiyanın tərkibinə apellyasiya məhkəməsinin magistratı, tribunalın magistratı, iki fəxri (qadın və kişi) hakim daxildir. Sonuncular psixatriya, cinayət antropologiyası, pedaqogikası və psixologiya ekspertləri arasından seçilir. O, övladlığa götürmə, uşaqların ümumi nəzarətə verilməsi, valideynlik hüquqlarının həyata keçirilməsi, yetkinlik yaşına çatmayanların hüquq və fəaliyyət qabiliyyətindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi barədə mülki işlərə baxır. Apelyasiya məhkəməsinin xüsusi palatası yetkinlk yaşına çatmayanların işləri üzrə tribunalların qərarlarından verilən şikayətlərə 5 hakimdən ibarət tərkibdə baxır. Bu palatanın qərarlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi yuvenal ədliyyə sahəsində Avropa ölkələri artıq bir çox işləri həyata keçirmişlər.
Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin yuxarıda qeyd olunan fəsli tam olaraq yetkinlik yaşına çatmayanların və onların qanuni nümayəndələrinin cinayət prosesual hüquq və vəzifələrini əhatə etməsə də son dövrlər bu sahədə bir sıra addımlar atılmağa başlanmışdır. Xüsusilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məsələsinin prosessual çərçivədə həll edilməsinin nəzərdə tutulması olduqca vacibdir. Əvvəllər bu məsələ yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən həll edilirdisə, indi məhkəmələr tərəfindən həll edilir. Bir çox hallarda komisiyaya düşən belə uşaqlar heç bir araşdırma aparılmadan qapalı tipli təlim-tərbiyə müəssisəsinə göndərilirdi. Həmin müəssisələrdə uşaqlarla aparılan söhbətlər və aparılan araşdırmalar belə deməyə əsas verir. Cinayət Prosessual Məcəlləsinə əlavə edilmiş 435-1-ci maddənin tələbinə görə ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, xitam verilmiş cinayət işi və ya cinayət işi başlanmasının rədd edilməsi haqqında materiallar cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədi ilə cinayət prosesini həyata keçirən orqan tərəfindən 3 gün müddətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir. Daha sonra həmin komissiya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmuş materiallar əsasında zəruri olan digər sənədləri toplayır və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında məsələyə baxılması üçün həmin şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi qarşısında vəsadət qaldırır. Bu materiallar məhkəməyə daxil olduğu gündən sonra on gündən gec olmayaraq məhkəmə iclasında baxılır.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara həmin şəxs barəsində sənədləri toplayarkən onun şəxsiyyətini, ailəsini, təhsilini və yaşadığı mühiti analiz etməyə imkan verən sənədləri və faktları məhkəməyə təqdim etməlidir. Onun müəllimləri, valideynləri və digər onu yaxından tanıyan insanların ifadə verdikləri xasiyətnamələr onun barəsində veriləcək qərara müsbət və ya mənfi təsir edə bilər. Məhkəmə prosesində həmin şəxsin özü, onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri iştirak etməlidir. Bundan başqa məhkəmə prosesində komissiyanın nümayəndəsi, dövlət ittihamçısı və ictimai təhlükəli əməlin törədildiyi ərazinin daxili işlər orqanının yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi də iştirak etməlidir.
Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesinə müdafiəçinin gəlməsi məcburidir. Cinayət Prosessual Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş şəxslərin müdafiəçi istisna olmaqla, məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Göründüyü kimi qanunverici bu məsələdə prinsipial mövqedə dayanmışdır. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin öz hüquqlarını bilməməsi və özünü müdafiə etmək imkanlarının məhdud olmasını nəzərə alan qanunverici müdafiəçinin iştirakını məcburi sayır.
Məhkəmə bütün hallarda həmin şəxsin gələcək inkişafını nəzərə almaqla qərar çıxarır. Cinayət törətmiş şəxsə tətbiq olunan cəzadan fərqlənən bu tədbir, yəni qapalı tipli təlim-tərbiyə müəsisəsinə göndərilmə həmin şəxsin həyatında bir sıra məhdudiyyətlər yaradır. Bildiyimiz kimi cəza dövlət adından məhkəmənin hökmü ilə tətbiq edilən məcburiyyət tədbiridir. Cinayət sayılan əməllərin dairəsi qanunla qanunverici orqan tərəfindən müəyyən edilir. Bununla dövlət cəza tətbiq etmək hədəsi altında cəmiyyət üzvlərinin müəyyən hissəsini arzu olunan hüdudlarda davranışını tənzim etməyə səy edir. Cinayət törətdiyi təqdirdə isə cinayətə görə qanunla müəyyən edilən sanksiya dövlət adından ancaq məhkəmə orqanları tərəfindən tətbiq edilir. Başqa hüquq pozuntularına görə isə tənbeh tədbirlərinin tətbiqi inzibati komissiyalar, polis və maliyyə orqanları, habelə məhkəmə və s. orqanlar tərəfindən ancaq öz adlarından həyata keçirilir. Cinayətə görə cəzanın tətbiqi ilə eyni vaxtda məhkum və onun əməli dövlət adından pislənir, məhkum dövlət adından mühakimə edilir.
Cinayət hüququnda nəzərdə tutulan cəzalar başqa hüquq pozuntularına görə tətbiq edilən tənbehlərdən prosessual qaydalarına görə də fərqlənir. Burada yalnız mülki-hüquqi sanksiyanın tətbiqi bir qədər cəzanın tətbiqi ilə bağlı olan prosessual qaydaya bənzəyir. Mülki hüquqi sanksiya qətnamə formasında prosessual aktla tətbiq edilir. Həm də belə akt dövlət adından məhkəmə tərəfindən verilir. Cinayətə görə tətbiq edilən cəza dövlət məcburiyyət tədbirinin yeganə formasıdır ki, hökm qismində prosessual aktla tətbiq edilir.
Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə qarşı tətbiq edilən tənbehdir. Tənbeh cəzanın yetirdiyi maddi, mənəvi və fiziki məhrumiyyətləri ifadə edir, cəzanın mahiyyətini əks etdirir. Tarixə nəzər saldıqda cinayətlərə görə tətbiq edilən cəzaların xarakterinin, növünün dəyişən təbiətə malik olduğunu görürük. Əlbəttə, tətbiq edilən cəzalar, onların xarakteri həmişə dövlətin siyasi quruluşundan, habelə şəxsiyyətin cəmiyyətdəki, mövqeyindən asılıdır. Cəzanın tarixinə nəzər saldıqda görürük ki, bütün dövrlərdə və əksər dövlətlərdə insanın həyatı, bədəni, bədən üzvləri, əmlakı, azadlığı, ləyaqəti və s. cəzanın predmeti olmuşdur. Təbii ki, cinayət məsuliyyətinə cəlb edilməyə imkan verən yaş həddinə çatmamış şəxslərin demək olar bir çoxu nəyə görə polis tərəfindən saxlanıldığını, məhkəməyə çıxarılmasını və onun barəsində qəbul edilmiş qərarın mahiyyətini dərk etmir. Onlar barədə çıxarılmış qərarın tətbiqi zamanı onlar həmin müəssisələrin müəllim kollektivinin nəzarəti altında olurlar. Tədris prosesində onlara törətdikləri əməlin ictimai təhlükəliliyi başa salınmalı, hansı səbəbdən burda olmaları onlara izah edilməlidir.
Məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyə imkan verən yaş həddinə çatmamış şəxslərin barəsində çıxarılan hər hansı qərar mümkün qədər qısa vaxt çərçivəsində icra olunur. Bu qərarlar 3 gün müddətində aidiyyatı üzrə həmin şəxsin valideynlərinə, qanuni nümayəndələrinə və qərarı icra edən orqanlara göndərilir.
Uşaq Hüquqları Klinikasının
Baş Hüquqşünası
C.F. Mahmudov