Bu gün inkişaf edən dünyada demək olar ki, hər an gündəmdə olan, beynəlxalq hüquqa və insanların təhlükəsizlik və sülh şəraitində yaşamasına ciddi təhlükə yaradan problemlərdən biri də «nüvə» problemidir. «Nüvə» problemi XX əsrdən yaranmağa başlamış, müxtəlif istiqamətlərdə inkişaf etmiş və müasir dünyanı narahat edən məsələyə çevrilmişdir. Hazırki dünyada «nüvə» problemini yaradan əsas məsələ dünyada nüvə başlıqlarının hansı ölkələrdə ola bilməsidir. Məlum olduğu kimi hal-hazırda nüvə başlıqları Təhlükəsizlik Şurasının üzvləri və digər böyük dövlətlərdə mövcuddur. Hər hansı bir yeni dövlətin nüvə başlıqlarına sahib olması ilə bağlı məsələ beynəlxalq mübahisəyə çevrilir. Çünki burada böyük dövlətlərin maraqları dəyişir. Yəni nüvə problemi kütləvi qırğın silahı ilə bağlı yaranan bir problemdir. Çünki hər hansı bir silah istehsal olunursa, o gələcəkdə hansısa şəraitdən asılı olaraq mütləq istifadə olunacaqdır. Bu isə müasir dövrdə yaradılmış qüvvələr balansını pozmuş olur. Çünki hal-hazırda nüvə başlıqlarına malik olan böyük dövlətlər dünyada tarazlışdırılmış siyasətin təminatçısı kimi çıxış edirlər. Lakin bu məsələdə müəyyən fikir ayrılıqları yaranır. Çünki bəzi dövlətlər öz məqsədləri naminə başqa mənafedən çıxış edirlər. Bu baxımdan İranın nüvə silahı əldə etməsi ilə bağlı yaranan məsələ beynəlxalq mübahisəyə çevrilmişdir.
Məlum olduğu kimi, 1979-cu ildə İranda Ayətulla Xomeyninin başçılığı altında İslam İnqilabı baş verdi. Bu inqilabdan sonra İranda vəziyyət tamamilə dəyişdi. Mollaların hakimiyətə gəlməsi ilə ölkədə teokratik rejim bərqərar oldu. İran güclü inkişafa başladı və bu inkişaf özünü hərbi sahədə də biruzə verməyə başladı. Güclü dövlətlərin malik olduğu nüvə silahına sahib olmaq İranın məqsədi kimi beynəlxalq mübahisəyə çevrildi. Düzdür İranda nüvə sahəsində ilkin tədqiqatlar inqilabdan əvvəl 70-ci illərin əvvəllərində başlasa da bu sahədə daha məqsədyönlü tədbirlər inqilabdan sonra başlanmışdır.
İranın nüvə silahına malik olmasına qarşı çıxan əsas qüvvə ABŞ və onun mütəffiqləridir. ABŞ-ı buna məcbur edən əsas səbəblər dünyada qüvvələr nisbətinin pozulması, ABŞ-ın yaxın Şərqdəki müttəfiqləri üçün ciddi təhlükənin yaranması, OPEK-in üzvü olan və dünya iqtisadiyyatına təsir etmək imkanına malik olan İranın dünya siyasətində də mövqeyinin artması imkanı və digər məsələlərdir.
Burada ortaya əsas məsələ kimi digər dövlətlərin maraqları çıxır. Avropa dövlətləri və əsasən də Qərbi Avropa dövlətlərinin bu məsələyə münasibəti birmənalıdır. Yəni bu dövlətlər Şərqdə yeni, ciddi təhlükə ocağının yaranması əleyhinədirlər. Lakin bu dövlətlər İranın əsas ticarət partnyorlarındandır. Yəni burada Qərbi Avropa dövlətlərinin bu məsələyə münasibətinin ziddiyyətli məqamı ortaya çıxır.
Yuxarıda qeyd olunmuş səbəblər ucbatından ABŞ-ın bu məsələdə mövqeyi qatı əks mənalıdır. Yəni ABŞ İranın nüvə silahına malik olması əleyhinədir. İranında 1979-cu il inqilabından sonra ABŞ-ın bu dövlətə qarşı mövqeyi sürətlə dəyişmişdir. Bu zamandan etibarən ABŞ irana qarşı sanksiyalar tədbiq etməyə başlamışdır. ABŞ öz ölkəsinin şirkətlərinə İranda hər hansı bir investisiya yatırmağı qadağan etmişdir. Hətta hər hansı neft və ya qaz yatağının kəşfi də ABŞ şirkətlərinə qadağan edilmişdir. Bu sanksiyalardan birinin təsir obyekti də Bakı-Ceyhan neft kəməri ilə bağlı olmuşdur. Məlum olduğu kimi Xəzər neftinin İran ərazisində keçərək Ceyhana çıxarılmasını təmin edəcək layihənin həyata keçirilməməsi məhz ABŞ-ın həyata keçirdiyi sanksiyaların nəticəsi idi.
Lakin bütün bunlardan belə bir nəticə çıxarmaq olmaz ki, ABŞ-la İran arasında heç bir iqtisadi əlaqə yoxdur. Hal-hazırda neft istehsalına görə dünyada 4-cü yerdə duran İranın əsas neft alıcısı məhz ABŞ-dır. Həm də ABŞ-ın İranla ticarət dövriyyəsinin həcmi Rusiyanın bu dövlətlə olan ticarət dövriyyəsinin həcmindən çoxdur. Düzdür, bu əlaqələr dövlətlərin miqyasına deyil, iri şirkətlər miqyasında həyata keçirilir, lakin yenə də müəyyən iqtisadi nəticələr yaradır.
İranın nüvə probleminə münasibətdə Rusiyanın mövqeyi digər istiqamətdə özünü göstərir. Yəni burada onu göstərmək lazımdır ki, müasir beynəlxalq siyasətin və yarandığı şəraitdə Rusiya və İran üçün müəyyən mənada eyni istiqamətli siyasət yaranmışdır. Məlum olduğu kimi hələ SSRİ dağıldıqdan sonra dünyanın təkqütblü idarə olunmasına çıxan Rusiya SSRİ dövründəki nüfuzunu və bəzi ərazilərə xüsusən Şərqi Avropa və Cənubi Qafqaza təsir imkanlarını bərpa etmək uğrunda çalışır. Bu mübarizə hələ 90-cı illərdən başlasa da həmin illərdə elə bir müsbət nəticə kimi qiymətləndiriləcək uğurlar əldə edilmədi. Lakin son illərdə enerji sahəsində olan bahalaşma Rusiyaya öz rəqiblərini iqtisadi cəhətdən zəiflətmə imkanı vermişdir. Bu səbəbdən Rusiya İranın nüvə siyasətində onun tərəfdaşı kimi çıxış edir. Bura başqa səbəblər də daxildir. Bunlardan Rusiyanın ABŞ-ın Asiyada nüfuzunun artmasına qarşı çıxması, onun İranda nüvə sahəsində həyata keçirilən layihələrdə iştirakı və ən əsası onun İrana öz silah alıcısı kimi baxmasıdır.
Yaxın zamanlarda ABŞ-ın Çexiya və Polşada raketdən müdafiə elementləri yerləşdirilməsi ilə bağlı yaranan beynəlxalq mübahisə də Rusiyanın hansı mövqedə olduğunu açıq göstərir. Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasının üzvü kimi İrana qarşı hər hansı bir hərbi yönümlü sanksiyaların həyata keçirilməsinə qarşı çıxmaq imkanına malikdir.
İran nüvə probleminə münasibətdə Çinin mövqeyi həm iqtisadi həm də siyasi amillərlə bağlıdır. Hazırki dünyada neftə olan tələbat daha çox artmışdır. Bu əsasən inkişaf etməkdə olan ölkələrdə yeni yaranan sənayenin sürətli inkişafı ilə bağlıdır. Bu dövlətlərdən xüsusilə Çin və Hindistan sənayesinin inkişafı neftə olan tələbatı artırmışdır. Çin xarici siyasəti Yaxın Şərqdə, Afrikada və digər bölgələrdə ABŞ rəqabətinə qarşı güclü mübarizə aparır. Bu baxımdan Çin diplomatları İranla dostluq əlaqələrini möhkəmləndirməyə, «digər dövlətin daxili işlərinə qarışmamaq» prinsipi ilə İranla fəal iqtisadi əlaqələr yaratmağa çalışırlar. Çin İranın nüvə silahına malik olmaq hüququnu tanıyır və bu hüququn həyata keçirilməsində əsas köməkçi dövlətlərdən biri kimi çıxış edir. Burada Çinin əsas məqsədi güclənməkdə olan iqtisadiyyatının neftə olan tələbatını ödəmək üçün İranın əsas neft ticarəti ortağı olmaq, ABŞ-ın artmaqda olan nüfuzunu Asiya qitəsində yayılmasının qarşısını almaq və digər məsələlərdir.
Bütün bunları araşdırdıqdan sonra belə bir sual ortaya çıxır. Əgər ABŞ İrana müharibə elan edərsə, bu müharibə hansı dövlətlərin maraqlarını və hansı şəraitdə təsir göstərəcək? Bu müharibənin beynəlxalq nəticələri necə olacaq? Bu sualları birlikdə araşdırdıqda daha ümumi nəticələr əldə etmək olar.
Əvvəla onu qeyd etmək lazımdır ki, «soyuq sülh» kimi qiymətləndirilən müasir dövrdə müharibə anlayışı nisbətən aşağı dərəcəli bir anlayış kimi nəzərdən keçirilir. Yəni sülh danışıqlarının əsas rol oynadığı bu dövrdə müharibənin məsələnin həllində sonuncu variant olduğunu nəzərə alsaq, onda qeyd edə bilərik ki, hazırki problemin yaratdığı siyasi şəraitdən baş çıxarmaq ümumi ortaqlıq tələb edir.
Burada ABŞ-ın müharibəyə münasibətini öyrənmək daha böyük əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, ABŞ İrana qarşı hələ 1979-cu ildən başlayaraq sanksiyalar tətbiq edir. Bütün sanksiya və təhtidlərə baxmayaraq İranla ABŞ arasında iqtisadi əlaqələr əsasən də neft sahəsində davam edir. Əgər ABŞ danışıqların son variantı kimi müharibəyə əl atarsa, bundan ən çox ABŞ siyasəti zərər çəkəcək. İqtisadiyyatda böhran amili də özünü göstərəcək. Çünki nəzərə alsaq ki, İraq dünya bazarına hələ İrandan az miqdarda neft çıxarır. Lakin ABŞ-ın İraqa müdaxiləsi dövründə İraq neftinin dünya bazarına çıxarılmasının bir müddət kəsilməsi ilə dünyada neftin qiyməti gözlənilməz səviyyəyə çatdı. Bundan da görmək olar ki, dünyada neft hasilatçılarından olan İranın neft ixracını bir müddət dayandırması ilə onun əsas neft alıcılarından olan ABŞ iqtisadiyyatı hansı vəziyyətə düşəcək.
İkinci bir tərəfdən onu qeyd etmək lazımdır ki, Rusiya və Çin kimi dövlətlər İranın ABŞ tərəfdən məğlub edilməsinə və onun Asiyaya nüfuz etməsinə heç vaxt razı olmazlar. Bu həm də Rusiyanın orta Asiyada ABŞ-ın nüfuzunun artmasından çəkinməsi ilə bağlıdır.
Tutaq ki, ABŞ İrana müharibə edib bu ölkəni tutdu. Nəticələr: İranda güclü terror və münaqişə ocaqları yaranacaq. Necə ki, ABŞ Əfqanıstan və İraqa ordu yeritdikdən sonra bu ölkələrdə yarandı. İran böyük dövlət olduğu üçün buradakı terrorizmlə mübarizə ABŞ üçün böyük çətinlikliklər yaradacaq. Digər bir tərəfdən Rusiya və Çin kimi dövlətlərin bu hərəkatlara yardım ehtimalları da böyükdür. Lakin müharibədə ABŞ üçün müsbət cəhət o ola bilər ki, İranın nüvə siyasətinin qarşısı alınar, zəngin neft yataqları ABŞ-ın əlinə keçər.
Lakin müharibənin olacağı təqdirdə dəyəcək ziyan nəinki ABŞ-a həmçinin Qərb dövlətlərinə də öz güclü təsirini göstərəcək. Çünki İranın nüvə siyasətinə qarşı çıxan əsas dövlətlər də məhz onun əsas ticarət partnyorları olan qərb dövlətləridir.
Müharibənin Rusiyaya təsiri digər planda özünü göstərir. Yəni müharibələrin nəticəsində Rusiya müttəfiqini itirmiş olacaq. Bundan başqa o İrandan nüvə layihələrindən, digər sahələrdəki layihələrindən və əsasən də öz silah bazarından məhrum olacaq. Burada həmçinin ABŞ-ın orta Asiyaya siyasi təsir imkanları artacaq.
Müharibənin yaradacağı şərait Çinə də təsir göstərəcək. Çin özünün əsas neft hasilatçısı kimi bir tərəfdaşından, İranın nüvə sahəsində həyata keçirəcəyi layihələrdən məhrum olacaq. ABŞ-ın İrana daxil olması ilə neftin qiymətinin daha yüksək həddə qalxması Çin iqtisadiyyatına ağır zərbə vurar.
Ümumiyyətlə, ABŞ-ın İrana müdaxiləsinin qonşu ölkələrə də güclü təsiri özünü göstərəcək. Əvvəla onu qeyd etmək lazımdır ki, İran bu regionda iqtisadiyyatı güclü inkişaf edən bir ölkədir. O cümlədən də o qonşu dövlətlərə təsir etmək imkanına malikdir. ABŞ-ın İrana müdaxilə etməsi ilə ölkədə yaranacaq terror və münaqişə ocaqlarına dini amilində təsir göstərməsi ehtimalı bu regionda gələcəkdə baş verəcək prosesləri aydın seçməyə imkan verəcək.
ABŞ-ın İrana müdaxiləsinin Türkiyə və Azərbaycan kimi qonşu dövlətlərə də təsiri olacaqdır. Əsas məsələ regionda güclü qaçqın problemi, ekoloji problemin yaranması ehtimalıdır. Müharibə həmçinin İranın bu dövlətlərlə olan iqtisadi və ticarət əlaqələrinə də zərbə vura bilər.
Burada həmçinin qeyd olunmalıdır ki, Türkiyənin əsas enerji təminatçısı kimi İran çıxış edir. Bu baxımdan İran Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.
Sonda yekun olaraq qeyd olunmalıdır ki, bu kimi mübahisə doğuran beynəlxalq məsələlərin həllində beynəlxalq hüququn maraqları nəzərə alınmaqla müəyyən nəticələrin əldə olunması daha tədqirəlayiq hal kimi qiymətləndirilir.
Tural Əhmədov