Tbilisidə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans başlayıb.
Qafqazın Geosiyasəti və Geotarixi Mərkəzi və “Ermənistan-Azərbaycan Sülh Platforması” tərəfindən təşkil olunmuş konfrans çərçivəsində vətəndaş cəmiyyəti, beynəlxalq və dini təşkilatların nümayəndələri, siyasətçilər və diplomatlar iştirak edir.
Qafqazın Geosiyasəti və Geotarixi Mərkəzinin sədri Quram Marxuliya “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” adlı konfransda bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazı narahat edən məsələdir.
Onun sözlərinə görə, münaqişələrin sülh yolu ilə həlli üçün dialoq çox vacibdir: “Bu məsələdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri münaqişə ilə bağlı dialoq aparmağa hazırlıq göstəriblər və bu formatın davamlı olacağına ümid edirik”.
Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov çıxışında “Ermənistan-Azərbaycan Sülh Platforması”nın məqsədlərindən danışıb: “Bu il Ermənistan-Azərbaycan münaqişəsinin başlamasından 30 il ötür. ATƏT-in Minsk qrupu da 27 ildir ki, fəaliyyət göstərir. İstənilən sülh danışıqlarının aparılması alqışlanır. Vətəndaş cəmiyyəti də öz növbəsində pozitiv şəkildə bu danışıqlara öz töhfəsini verməlidir”.
K. Səlimov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə artıq son qoymağın vaxtı yetişib. “Münaqişənin sülh yolu ilə real və dayanıqlı həlli yalnız vətəndaş cəmiyyətinin iştirakı ilə mümkün ola bilər”.
Əslən Dağlıq Qarabağdan olan tarixçi alim Artur Ağacanov konfransda çıxışında deyib ki, münaqişənin həllinə nail olmaq üçün bütün səyləri birləşdirmək lazımdır. “Münaqişənin həllinə Minsk qrupunun təkbaşına nail olacağına inanmaq olmaz. Qrupun üzv ölkələri öz daxili problemləri ilə məşğuldurlar. Yalnız Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həll edə bilər. Münaqişə artıq çox uzanıb və bir neçə nəsil böyüyüb. Münaqişəyə son qoymağın zamanı yetişib”.
Onun sözlərinə görə, Minsk qrupu təəssüf ki, danışıqlarda əhəmiyyətli nəticələrə nail olmayıb. “Minsk qrupunu fəaliyyətini daha da aktivləşdirməyə çağırırıq”.
Konfrans davam edir.
APA