Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi dünya KİV-lərinin diqqət mərkəzində olub

Posted by

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Açılış mərasimi Türkiyənin nüfuzlu telekanallarının və əsas KİV-lərinin baş xəbərləri sırasında yer alıb. Qardaş ölkənin telekanalları və informasiya agentlikləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən geniş reportajlar təqdim ediblər.

Reportajlarda bu dəmiryolunun Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilir. Dövlət başçılarının çıxışlarına istinad edən Türkiyə KİV-ləri Bakı-Tbilisi-Qars dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməsinə diqqəti çəkiblər. Vurğulanıb ki, bu qlobal layihə sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayələri artıracaq, turizmi inkişaf etdirəcək.

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin açılış mərasimindəki çıxışlarından sitat gətirən TQRT və TRT HABER telekanalları, Anadolu agentliyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini Azərbaycan, Türkiyə və Gürcüstan dostluğunun, qardaşlığının nəticəsi kimi təqdim ediblər.

Ümumiyyətlə gün ərzində Türkiyə telekanallarında, xəbər portallarında yayımlanan reportajlarda layihənin tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi “İpək Yolu” layihəsinin polad magistrallar üzərində bərpasıdır.

“Reuters” agentliyi də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminə geniş yer ayırıb.

AZƏRTAC