“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Res-publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı 2-ci qrant müsabiqəsində iştirak etmiş və “Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunuz və hüquqa zidd fəaliyyətinin araşdırılması” adlı layihəsinin qalibi olmuşdur.
Bu layihənin icra müddətində “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı kitab nəşr olunmuşdur. Kitab Ermənistan Respublikasının, daha doğrusu işğalçı və cinayətkar dövlətin Azərbaycanın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd və qeyri-qanuni fəaliyyəti araşdırılır. Kitabın yazılmasında əsas məqsəd qüvvədə olan beynəlxalq-hüquqi sənədlər əsasında Ermənistan tərəfindən törədilmiş cinayətləri sübuta yetirməkdən və həmin sənədləri Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət arasında tanıtmaqdan ibarətdir. Kitabın müəllifləri Rüstəm Məmmədov və Xaqani Məmmədovdur.
Burada Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti araşdırılır, vətənimizin işğal altında olan ərazilərində təbii sərvətlərin qanunsuz istismaredilməsi sübuta yetirilir və göstərilir ki, bu ərazidə Ermənistan tərəfindən qanunsuz iqtisadi fəaliyyət həyata keçirilir. Çoxsaylı faktiki sübutlarla aydın olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələri dağıdılmışdırvə özgəninkiləşdirilmişdir və azəri-türk adları qanunsuz olaraq dəyişdirilmişdir.
16 oktyabr 2017-ci il tarixində Bakı Dövlət Universitetinin 1 saylı Tədris Binasında müəllim və tələbələr üçün “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin müəllimləri və kafedra müdirləri, tələbələr, qaçqınlar, məcburi köçkünlər və s. iştirak etmişdilər. Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri, Azərbaycan Respublikasının qaçqınlarının və məcburi köçkünlərinin problemi məsələsi müzakirə olunmuşdur. Tədbir zamanı layihə rəhbəri Rüstəm Məmmədov və layihədə iştirak etmiş ekspert Xətai Abbasov çıxış etmişdilər. Sonda tədbir iştirakçılarına yeni nəşr paylanmışdır.
Layihənin müddəti 15 iyul 2017-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinədək (4 ay) dövrü əhatə edir.