Dövlət Miqrasiya Xidməti işəgötürənlərin məlumatlandırılması ilə bağlı tədbir keçirib

Posted by

Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı növbəti tədbir keçirib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, respublikamızda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri ilə görüşdə Xidmət rəisinin birinci müavini Vəli Nağıyev Prezident İlham Əliyevin Azərbaycanda özəl sektora, sahibkarlığa yaratdığı şəraitdən danışıb. O, dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gördüyü işlərdən bəhs edib. Görüşün həm qanunvericilikdəki müəyyən yeniliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırmağa, eləcə də sahibkarlıq subyektlərinin, işəgötürənlərin əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin təşviqinə xidmət etdiyi bildirilib.

Tədbirdə Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq olunmuş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələbləri barədə məlumat verilib. Bildirilib ki, daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla təsdiq edilmiş Qaydaya görə, işəgötürənlər hər il mayın 1-dək DMX-yə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər. Amma müəyyən şirkətlərin, holdinqlərin, bir sözlə, bəzi işəgötürənlərin proqnoz məlumatı vaxtında və yaxud dolğun şəkildə təqdim etmədikləri və nəticədə əmək miqrasiyası kvotası təsdiq ediləndən sonra həmin işəgötürənlərin tələbata uyğun sayda əcnəbi mütəxəssisi işə cəlb edə bilmədikləri və bu halın da onların biznes-planlarına təsirləri kimi məsələlər ortaya çıxır. Çünki əmək miqrasiyası kvotası təqvim ili ərzində respublika ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. Ona görə də hər bir işəgötürən planlaşdırdığı layihələrdə əcnəbi işçi qüvvəsinə ehtiyacı əvvəlcədən müəyyən etməli və qəbul edilmiş qaydaya uyğun olaraq təyin olunmuş müddətdə proqnoz məlumatların aidiyyəti üzrə DMX-yə təqdim olunmasını təmin etməlidir. Proqnoz-məlumat forması Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (http://migration.gov.az) yerləşdirilib və onlayn rejimdə işləyir.

Diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, DMX-nin Apellyasiya Şurası və onun Katibliyi yaradılıb, tərkibi və Şuranın Əsasnaməsi təsdiq edilib. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.

Görüşdə qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli əmək ehtiyatlarından istifadə edilməsi prioritetlərdəndir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır. DMX bu siyasətin icraçısı olaraq ölkənin energetika, neft-qaz layihələrində milliləşmə proqramının icrasına bu baxımdan töhfə verir. “Əsrin müqaviləsi”ndə əksini tapan müddəalara əsasən, ölkəmizin neft-qaz yataqlarında operator, kontraktor, sub-kontraktor olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 faizdən 90 faizədək yüksəldilib. 2018-ci ildə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.

Sonra qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və əldə olunmuş nəticələr haqqında iştirakçılara məlumat verilib. Həm işəgötürənlərin, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyin tələblərinə əməl etmələrinin zəruriliyi bir daha izah edilib. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.

Qeyd edilib ki, görüş Azərbaycanda işəgötürənlərin rahatlıqlarının təmin edilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, o cümlədən ölkəmizə xarici investisiyaların qoyulmasının, həmçinin yeni iş yerlərinin açılması üçün əlverişli şəraitin yaradılmasının, bu istiqamətlərdə fəaliyyət göstərən istər yerli, istərsə də əcnəbi fiziki və hüquqi şəxslərin ölkəmizin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə uğurlu fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar tədbirin təşkilindən razı qaldıqlarını bildiriblər. İş adamı Müjdelim Bozqurd, BP şirkətinin nümayəndəsi Sevda Nağıyeva, Azərbaycanda Amerika Ticarət Palatasının məsul şəxsi Rəşid Məmmədov və başqaları ətraflı məlumata və maarifləndirməyə görə minnətdarlıq ediblər.

AZƏRTAC