Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası iyunun 7-də işini “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq və regional əməkdaşlıq mexanizmləri” mövzusunda ikinci plenar iclas ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik dən İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac yüksək səviyyədə təşkil olunan bu mühüm tədbirin ikinci günündə də səmərəli müzakirələrin aparılacağını bildirib.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, müsbət təcrübənin tətbiqinə daim diqqət yetirir. Son 15 il ərzində ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib. Bu dövr dörd mərhələdən ibarətdir.
2004-2007-ci illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazası formalaşdırılıb, 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Bu dövrdə, həmçinin institusional islahatlar aparılıb, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir.
Bildirilib ki, 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilib, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyəti təkmilləşdirilib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub, geniş maarifləndirmə işi aparılıb.
2012-2015-ci illəri əhatə edən üçüncü mərhələdə dövlət idarəçiliyində İKT-nin uğurlu tətbiqi və korrupsiyaya qarşı mübarizə prioritet olub. Bu dövrdə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illəri əhatə edən iki Milli Fəaliyyət Planı qəbul edilib və yüksək səviyyədə icra olunub.
2016-2018-ci illəri əhatə edən dördüncü mərhələdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığı məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul edilib.
Azərbaycanda korrupsiyaya qarşı uğurlu mübarizə üçün bütün zəruri mexanizmlərin mövcudluğunu vurğulayan K.Cəfərov korrupsiyaya qarşı mübarizənin daimi proses olduğunu bildirib.
Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə Ombudsman təsisatının fəaliyyətindən danışıb. Korrupsiyanın cəmiyyətdə dağıdıcı proses olduğunu deyən A.Səfixanlı bu sahədə digər müvafiq qurumlar kimi, ombudsmanın da geniş fəaliyyət istiqamətlərinin olduğunu bildirib. Korrupsiya hallarının qarşısının alınmasında müvafiq qurumlarla ombudsman arasında səmərəli əməkdaşlığın önəmini qeyd edən aparat rəhbəri deyib ki, ölkəmizdə artıq 15 ildir fəaliyyət göstərən Ombudsman təsisatının müstəqil fəaliyyəti üçün qanunvericiliklə hər cür şərait yaradılıb. O, ombudsmanın digər dövlət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, cəmiyyətdə geniş maarifləndirmə işi apardığını, ölkəmizdə antikorrupsiya tədbirlərində fəal iştirak etdiyini, bu sahədə qanunvericilik bazasının formalaşdırılması prosesinə cəlb olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərov dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm təsisat olduğunu bildirib. Qeyd olunub ki, indiyədək “ASAN xidmət”ə 15 milyon nəfər müraciət edib, xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. “ASAN xidmət” korrupsiyanın olmadığı, şəffaf və effektiv dövlət qurumudur”, – deyən A.Cəfərli diqqətə çatdırıb ki, qurumun “Facebook” səhifəsində yarım milyon nəfər qeydiyyatdadır və onların müraciətləri onlayn qaydada cavablandırılır.
Bakıda 5, bölgələrdə isə 6 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən Aparat rəhbəri səyyar “ASAN xidmət”in imkanlarından hazırda 1,2 milyon nəfərin yararlandığını bildirib. Öz xidmətlərini vətəndaşların müraciəti əsasında onların ünvanına çatdıraraq da təmin edən qurum, həmçinin əməkdaşların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirir. Son dörd il ərzində 3 mindən çox dövlət qulluqçusu təlimlərə cəlb olunub. Bu qəbildən olan təlimlər müxtəlif ölkələrdə də təşkil edilir.
“ASAN viza” elektron sistemi barədə məlumat verən A.Cəfərli deyib ki, ölkəmizə gəlmək istəyən şəxslər üç gün ərzində rahat şəkildə viza ala bilərlər. Bu sahədə şəffaflığın təmin olunmasında digər xidmət – “ASAN pay” də mühüm əhəmiyyət daşıyır.
İclasda çıxış edən Tacikistan ombudsmanın müavini Rəcəbmo Badriddinova, Pakistanın Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şah, ombudsmanın katibi Amir Sial, Özbəkistan ombudsmanı Uluqbek Muhammediyev və digərləri çıxışlarında ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlər, bu prosesdə ombudsmanların rolu, onların antikorrupsiya tədbirlərində iştirakı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində insan hüquq və azadlıqlarının qorunması məsələləri barədə məlumat veriblər.
AZƏRTAC