Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan müdafiə naziri Levan İzoria Mançester şəhərində törədilmiş terror zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.
Türkiyə müdafiə naziri Fikri İşık da ölkəsinin terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə Mançesterdə baş vermiş terroru qətiyyətlə pisləyib və bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe tutur. O qeyd edib ki, terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə təhdiddir. Nazirin sözlərinə görə, bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.
Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.
Apa.az