Qazaxıstanın Almatı şəhərində “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükə barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək layihəsi” çərçivəsində konfrans keçirilib.
Konfransda çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov Prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlıların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolunu hər zaman yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, Qazaxıstanda yaşayan soydaşlarımızın da bu prosesdə fəal iştirak etdiyini vurğulayıb.
Konfrans çərçivəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə nəşr olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı da olub.
Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini Əbülfəz Xamedov bu cür tədbirlərin Qazaxıstanda təşkilinin xüsusi önəm daşıdığını, Azərbaycan həqiqətlərinin qardaş qazax xalqına çatdırılmasında vacib rol oynadığını qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki konsulu Nizami Rüstəmov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında dövlət başçılarının xüsusi roluna diqqət çəkib. O, Prezident Nursultan Nazarbayevin Azərbaycana səfəri çərçivəsində “Heydər Əliyev” ordeninə layiq görülməsini ikitərəfli münasibətlərin yüksək göstəricisi kimi xarakterizə edib.
Qazaxıstan “Dostluq Evi”nin direktoru Qulsim Omarovna isə bu il Qazaxıstan Xalqları Assambleyasında Prezident Nursultan Nazarbayevin müavinlərindən birinin azərbaycanlı seçilməsini, bu ölkədə yaşayan soydaşlarımıza dövlət başçısının böyük etimadının göstəricisi kimi dəyərləndirib.
Azərbaycan və qazax xalqlarının ortaq dəyərləri paylaşdığını və dərin tarixi tellərlə bir-birinə bağlı olduğunu qeyd edən Gənc Diplomatlar Birliyinin sədri Eltun İbrahimov gənclərin diasporun fəaliyyətində və ölkələrimizin qarşılıqlı münasibətlərində daha fəal olmasının vacibliyini vurğulayıb.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavinləri Şahverdi Babayev, Qəhərman Sadiyev, Beynəlxalq Qızıl Xaç və Aypara cəmiyyətlərinin Mərkəzi Asiya təmsilçisi Bəylər Talıbov, Almatı İqtisadiyyat və Statistika Akademiyasının prorektoru Lidya Bekenova və digərləri diqqəti hazırda ölkələrimizin münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsində olmasına yönəldiblər və bu cür tədbirlərin təşkilinin əlaqələrin dinamikasına töhfəsini verəcəyinə inandıqlarını vurğulayıblar.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
АZƏRTAC