Hicran Hüseynova: Əsas vəzifələrimizdən biri müsəlman qadınlarla bağlı stereotiplərin aradan qaldırılmasıdır

Posted by

Mayın 16-da Küveytdə Qadınlar Günü münasibətilə “Qadın – bəxş edən, quran” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan və Küveyt regional və beynəlxalq forumların fəal iştirakçıları kimi bir çox ortaq cəhətləri bölüşərək, ortaq maraq və narahatlıq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq davam edəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, H.Hüseynova Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın 2010-cu il noyabrın 10-12-də ölkəmizə səfərini və bu səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşünü xatırladıb. O, həmçinin 2010-cu il yanvarın 26-da Əl-Küveyt şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında ailə, qadın və uşaq problemləri sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasını da diqqətə çatdırıb.

Komitə sədri deyib: “Bizim əsas vəzifələrimizdən biri müsəlman qadınlarla bağlı stereotiplərin aradan qaldırılması və onların terrorist kimi göstərilə bilməyəcəyini vurğulamaqdır. Biz müsəlman qadınların yaradıcı, cəsur, təhsilli və dinamik olduğunu göstərməliyik. Onlar həkim, alim, müəllim, jurnalist və hər şeydən əvvəl anadırlar, ailə dəyərlərinin və ənənələrinin qoruyucularıdırlar”.

Hicran Hüseynova Azərbaycanda 2017-ci ilin dövlətimizin başçısı tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini və bunun İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməsi istiqamətində atılan mühüm addım olduğunu bildirib.

Sonra Komitə sədri Hicran Hüseynova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabaha təqdim edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bu mükafatı təqdim etmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti mayın 16-18-də Küveytdə səfərdədir.

AZƏRTAC