Azərbaycan ilə Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Posted by

Aprelin 23-26-da Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə komitə üzvləri Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev Çexiyaya rəsmi səfər ediblər.

Nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib, həmçinin Çexiyada aqrar sahədə fəaliyyət göstərən “Petrovitse” təsərrüfat müəssisəsində olub.

Çexiyanın Deputatlar Palatasının sədr müavinləri Radek Vondraçek və Voytek Filip ilə keçirilən görüşlərdə Azərbaycan-Çexiya əlaqələri, hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Çexiyanın kənd təsərrüfatı nazirinin müavini İrji Şir, Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitəsinin sədri Yan Hayda və Çexiya Parlamentinin Kənd Təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni ilə keçirilən görüşlərdə hər iki ölkənin kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, qəbul edilmiş qanun və normativ aktlar haqqında məsələlər, eləcə də hər iki ölkənin parlamentlərinin aqrar siyasət üzrə komitələri arasında gündəmdə olan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini Miloş İrovski ilə keçirilən görüşdə Fondun Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsi müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Çexiyanın “Petrovitse” müəssisəsini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.

AZƏRTAC