“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilir

Posted by

Aprelin 24-də Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov qanun layihələri barədə məlumat verib.

Əvvəlcə iclasda “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Siyavuş Novruzov bildirib ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr təklif edilir. Dəyişikliyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Dəyişikliyə uyğunlaşdırma məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik təklif edilir.

AZƏRTAC