Baş nazir Cozef Muskat: Malta Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Cozef Muskat ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazir Cozef Muskat ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib. O, Maltanın Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin əhəmiyyətinə toxunan Cozef Muskat Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq kimi qiymətləndirilməsini alqışladığını deyib. Baş nazir Avropa İttifaqına hazırda sədrlik edən dövlət qismində Maltanın Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını dəstəklədiyini və sazişin razılaşdırılmasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini və həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına münbit zəmin yaratdığını bildirib. Nazir bu xüsusda iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında əldə olunan müsbət nəticələri qeyd edib.

Maltaya rəsmi səfərinin bu ölkənin Avropa İttifaqına sədrliyi dövrünə təsadüf etdiyini deyən nazir Elmar Məmmədyarov Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı, transmilli enerji və nəqliyyat layihələri, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC