Onilliklərdir ki davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır: “Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir. Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.
Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib.
2016-cı il aprel hadisələri və 25 fevral 2017-ci ildə təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut etdi”.
E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olub və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirib: “Biz “suverenlik, müstəqillik və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamı üçün əsas elemetlərdir və bu prinsiplər Avropa İttifaqının daxilində və kənarda olan bütün dövlətlərə şamil edilir” bəndinin də əks olunduğu 2016-cı ildə qəbul edilmiş Avropa İttifaqı Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasına sadiqliyini alqışlayırıq.
Fevral ayında Azərbaycan Prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanması ilə ikitərəfli münasibətlərdə yeni səhifə açdı.
Azərbaycan bu yeni və uzaqgörən sənədin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına yol açacağına inanaraq, danışıqlar prosesinə daxil olur və inanırıq ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin ehtiyac və prioritetlərini qarşılayacaq.
Sədr dövlət olaraq Polşanın təqdim etdiyi konsepsiya sənədində də əks olunduğu kimi, uzlaşma (connectivity) məsələsinə xüsusi diqqət yeriməklə, sektorlar üzrə əməkdaşlıq həqiqətən də qarşılıqlı maraqlarımıza əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyimizin inkişafında vacib rol oynayır.
Enerji sahəsində strateji əməkdaşlıq əlaqələrimizin özülü olmaqda davam edir. Cənub Qaz Dəhlizi istehsalçı, tranzit ölkələri və istehlakçıların maraqları arasında düzgün tarazlığı ilə enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə unikal layihədir. Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yerinə yetirilməsinə qəti siyasi dəstək Azərbaycan tərəfindən təşkil edilən və CQD ölkələri, tərəfdaş dövlətlər və Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III Görüşündə bir daha bəyan edilib.
Biz ümumi maraqlarımıza uyğun gələn digər sahələr, o cümlədən uzlaşma, ətraf mühit, təhsil, turizm, mədəniyyət və mobillik, həmçinin insanlararası təmaslar, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindəyik.
Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub.
Strateji Bakı-Tbilisi-Qars (BTQ) layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq və Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək. Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir.
2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər.
Azərbaycan həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisinə başlayıb. Avropa, Rusiya və İranın dəmiryolları qovşağında və Bakı hava limanının yaxınlığında yerləşən Ələt limanı regional mərkəzə kəsintisiz əlaqə və hava yükdaşıması, həmçinin digər Xəzər dənizi limanlarına səmərəli dəmiryol çıxışı əldə etməyə imkan yaradacaq.
“TEN-T-in inkişafı” (Trans European Transport Network-TEN-T(Trans Avropa Nəqliyyat Şəbəkəsi)) üzrə keçən il Rotterdamda qəbul edilmiş Nazirlər Bəyanatı nəqliyyat dialoqunu irəlilətmək üçün dolğun platforma təqdim edir. Biz Şərq-Qərb dəhlizinin Azərbaycan hissəsi, yol və dəmiryol xətlərinin TEN-T mərkəzi şəbəkəsinə, həmçinin Şimal-Cənub dəhlizinin TNT-T hərtərəfli şəbəkələrinə daxil edilməsini alqışlayırıq.
Çini Avropa ilə birləşdirən Trans Xəzər Beynəlxalq Tranzit Xətti kimi regional layihələrə Mərkəzi Asiya dövlətləri və Türkiyə də daxil olmaqla, daha geniş iştirak nəzərdən keçirilməlidir. Bu həmçinin Avropa İttifaqının trans Avropa şəbəkələrinin daha sonra Şərqə genişləndirilməsi məqsədi daşıyan Avropa İttifaqının uzlaşma (connectivity) gündəliyinə də uyğun olacaq”.
Nazir qeyd edib ki, Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi Azərbaycanın prioritetləri sırasındadır: “Son illərdə Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib.
Aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacağıq. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni Razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub”.
E.Məmmədyarovun sözlərinə görə, Azərbaycanın, eləcə də Şərq Tərəfdaşlığının digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir.
Trend.az