Azərbaycanın və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Posted by

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.

Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin və 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə ekspert qrupları və hərbi mütəxəssislərin qarşılıqlı səfərləri, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən B.Bostanoğlu Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

AZƏRTAC