ATƏT illik hesabatında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinə dair detalları açıqlayıb

Posted by

“Ötən il Dağlıq Qarabağda cəbhə xəttindəki gərginliyə və ümumilikdə danışıqlar prosesində irəliləyişin az olmasına baxmayaraq, ATƏT münaqişələrin sülh yolu ilə davamlı həllinə səy göstərməkdə davam edir”.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir.

Bildirilir ki, ötən il münaqişələr ATƏT gündəliyində əsas mövzu olaraq qalıb və Dağlıq Qarabağ zonasında zorakılıq hallarının artması böhranların idarə olunmasının intensivləşməsini labüd edib. Hesabata əsasən, Almaniya sədrliyi ATƏT-in münaqişələrin həlli ilə bağlı formatlarının möhkəmlənməsi və bu münaqişələrdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bu və digər münaqişələrin həlli istiqamətində nəzərəçarpacaq səylər göstərib: “Almaniya sədrliyi ötən ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən eskalasiyaya dərhal reaksiya verib, Daimi Şuranın xüsusi iclasının keçirilməsinə təşəbbüs göstərib və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və araşdırma mexanizmlərinin yaradılması ilə Vyana və Sankt-Peterburq razılaşmalarının həyata keçirilməsini təbliğ edib. Almaniya sədrliyi münaqişənin həlli ilə bağlı siyasi danışıqlar prosesinin bərpasına çağırıb”.

Hesabatda həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aprel hadisələri zamanı fəaliyyəti qeyd olunub. Bildirilib ki, o, aprel hadisələrindən sonra tərəflərin tələbi ilə təmas xəttində öldürülmüş əsgərlərin meyitlərinin axtarılması və qaytarılması məqsədi ilə 8 günlük səfər edib: “Monitorinq prosedurları tərəflərin axtarış dəstələrinin və öz mandatını icra edən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təhlükəsizliyini təmin etməyə yönəlib. Bu müddətdə ofis Almaniya sədrliyini, Minsk qrupu həmsədrlərini və Minsk qrupunu proses barədə məlumatlandırıb. 2016-cı il ərzində şəxsi nümayəndə və onun komandası mütəmadi əsasda tərəflərin yüksək ranqlı siyasətçiləri və hərbçiləri ilə görüşüb, sədrlik və Minsk qrupunu mütəmadi hesabatlarla təmin edib. ATƏT sədrinin şəxsi nümayəndəsi ATƏT sədrini iyunda Cənubi Qafqaza səfərində, habelə həmsədrləri aprel və oktyabr aylarında gerçəkləşən səfərlərdə müşayiət edib. Şəxsi nümayəndə eyni zamanda həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə fevral, may, iyun və sentyabrda ayrılıqda baş tutmuş görüşlərində, iyul və dekabrda baş tutmuş birgə görüşlərində müşayiət edib, eləcə də prezidentlərin may və iyun görüşlərinin hazırlanmasında kömək edib. Həmsədrlərlə birlikdə o, Vaşinqton, Berlin, Moskva və Vyanada xarici işlər nazirlərinin brifinqlərində iştirak edib, Minsk qrupunun və ATƏT-in fəaliyyətdə olan sədrinin mütəmadi görüşlərinə qatılıb. Şəxsi nümayəndə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BQXK daxil olmaqla, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirib”.

Hesabata əsasən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baçler Ermənistan, Azərbaycan və Gürcüstana səfəri zamanı hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. O, görüşlərdə ATƏT-in öhdəlikləri və vəzifələrini qeyd edib, regionda sülhyaratma səylərinə dəstək ifadə edib.

Hesabatda həmçinin bildirilir ki, 2016-cı ildə Azərbaycanın ATƏT-ə yardımı 45 408 avro təşkil edib.

Apa.az