Ukraynalı alim və ictimai xadim Tatyana Krupa Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
Bəyanatda deyilir ki, gələcək nəsillərə miras qoya biləcəyimiz ən mühüm şey sülhdür. Buna görə də 25 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir. “Həmçinin Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərin əhəmiyyətini qeyd etmək istəyirəm”, – deyə bəyanatda qeyd edilir.
Ukraynalı alim bəyanatında bildirir: “Erməni və Azərbaycan xalqlarının münaqişədən qabaq münasibəti əsrlərlə formalaşan mehriban qonşuluq prinsipləri üzərinə qurulmuşdur. Lakin münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində formalaşmasını böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. Xalq diplomatiyasının münaqişənin həlli üçün əhəmiyyətli bir addım olduğuna inanıram. Bu səbəbdən bu təşəbbüsə dəstəyimi ifadə edərək, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqazda sülhün bərpası və onun qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
AZƏRTAC