İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.
APA-nın “armenpress.am”-a istinadən verdiyi xəbərə görə, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu” aparır.
“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək.
“Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, – deyə o bildirib.
Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.
Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.
Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
Apa.az