Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.
APA-nın məlumatına görə, qonaq Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib.
Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən M. Vardinoyannis M. Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırlayıb. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən M. Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirib. M. Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırlayıb, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd edib və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğulayıb.
Apa.az