İƏT-in baş katibi: Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir

Posted by

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə çağırıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, baş katib İƏT-in Ciddədəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirdə çıxış edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.

Əl-Useymin eyni zamanda, Ermənistanı dərhal işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırıb.

“Xocalı soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir”, – baş katib deyib.

Baş katib İƏT ölkələrini, Ermənistanın Azərbaycan torpaqlarınının işğalına son qoyması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

İƏT-in Azərbaycandakı daimi nümayəndəsi Rasim Rzayev deyib ki, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın problemi deyil, bu, bütün İslam dünyasının problemidir.

“Bu, insanlığa qarşı cinayəti planlaşdıranlar və törədənlər hələ də qanun qarşısında cavab verməyib”, – Rzayev deyib.

Trend.az