Formula 1-in təşkili ilə bağlı Azərbaycana gələcək şəxslər üçün viza proseduru sadələşdirilir

Posted by

Prezident İlham Əliyev 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilir ki, Azərbaycanda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn və bu sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

– Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

– Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.

Xarici İşlər Nazirliyinə 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək; 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.

Trend.az