Konqresmen Stiv Kohen Xocalı Faciəsi ilə bağlı bəyanat verib

Posted by

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə yadda qalan Xocalı qətliamının 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Konqresmen Kohen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən və bir zaman 7000-dən çox sakini olan Xocalının 1992-ci il 26 fevral gecəsi Ermənistan Silahlı Qüvvələrinin hücumuna məruz qaldığı və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadın və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edib.

Konqresmen atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20% ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü vurğulayıb. O, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca olan təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirib.

Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.

Konqresmen öz bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının təbii qaz təchizatı baxımından Avropa dövlətləri üçün önəmli alternativ təşkil edəcəyini və ölkəmizin İsrailin neft istehlakının təxminən 40%-ni təmin etdiyini qeyd edib. O, həmçinin Azərbaycanda yəhudi icmasının əmin-amanlıq içərisində yaşadığını və ölkəmizin İsraillə yaxın münasibətlərinin təqdirəlayiq olduğunu ifadə edib.

Sonda konqresmen Kohen dünya azərbaycanlıların Xocalı Faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsi və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin önəminə diqqət çəkib.

Trend.az