Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası işə başlayıb. Sessiyanın fevralın 27-dən martın 1-dək keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı, təşkilata üzv dövlətlərin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.
Yüksək Səviyyəli Seqmentdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Nazir müavini ölkəmizdə vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək məqsədilə cari ilin yanvarında tətbiqinə başlanmış xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını qeyd edib. O, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı haqqında sessiya iştirakçılarına məlumat verib.
Nazir müavini ölkəmizin BMT-nin İHŞ və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb, İHŞ-nin xüsusi nümayəndələrinə və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirib. Eyni zamanda, 2016-cı ilin sentyabrında ölkəmizə səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyət üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları üzrə müvafiq qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Məmmədquliyev Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini, həmçinin ölkəmizdə 25-ci ildönümü dərin hüznlə qeyd olunan və 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədilən soyqırımdan danışıb. O, bu vəhşiliyi törədən cinayətkarların hələ də məsuliyyətə cəlb olunmadığını diqqətə çatdırıb. M.Məmmədquliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səyləri artırmağa çağırıb.
Səfər çərçivəsində nazir müavini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. Nazir müavini BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nin fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi qeyd olunub. BQXK-nın prezidenti P.Maurer təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. O, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Nazir müavini Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmud ilə də görüşüb. Görüşdə Azərbaycan ilə BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların vəziyyəti, onların doğma torpaqlarına qayıtmalarının beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanıb.
Səfər çərçivəsində M.Məmmədquliyev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə də görüşüb. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd etmiş nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirib.
F.Qarri Azərbaycanın ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd edib və qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini diqqətə çatdırıb.
AZƏRTAC