Şotlandiya parlamenti Xocalı faciəsinə siyasi qiymət verib

Posted by

Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilib, parlamentin sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib.

Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını Qətnamə Layihəsinin mətninə əlavə etməklə təklif olunan sənədin qəbul edilməsinə dəstək veriblər.

Qəbul olunmuş Qətnamədə Azərbaycan ilə Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı Qətnamədə Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.

Sənəddə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxladığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən fevralın 22-də Şotlandiya Parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olublar.

AZƏRTAC