İlham Əliyevin Avropa Komissiyasının prezidenti ilə görüşü olub

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirildi, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. Vurğulandı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edildi.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırıldı, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb.

Apa.az