ATƏT PA-nın sessiyasında Ermənistan hərbçilərinin Azərbaycanın dövlət sərhədində təxribatları müzakirəyə çıxarılacaq
ATƏT Parlament Assambleyasının (PA) fevral ayında Vyanada keçiriləcək qış sessiyasında Ermənistan hərbçilərinin son vaxtlar Azərbaycanın dövlət sərhədində törətdiyi intensiv təxribatlar müzakirəyə çıxarılacaq.
Bu barədə AZƏRTAC-a Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.
Bahar Muradova bildirib ki, ötən ilin sonlarından başlayaraq Ermənistan Azərbaycanın dövlət sərhədində təxribatlarını genişləndirməyə başlayıb. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu bir neçə dəfə Azərbaycanın dövlət sərhədində təxribat törətməyə cəhd edib.
Vitse-spiker deyib ki, Azərbaycan nümayəndə heyəti Ermənistan hərbçilərinin təxribatçı əməllərini qış sessiyası çərçivəsində müzakirəyə çıxaracaq və ATƏT PA nümayəndələrindən bu məsələyə münasibət bildirmələri istəniləcək.
Bahar Muradova qeyd edib ki, Avstriyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişələrin həllinə dair çağırışları müsbət qiymətləndirilməlidir. Bu çağırışlar real təsirlərə və qərarlara keçsə, münaqişələrin həllinə müəyyən töhfə vermiş olacaq.
AZƏRTAC