Dövlət Miqrasiya Xidməti: Hesabat dövründə 2372 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb
Ötən il Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
Xidmət rəisi bildirib ki, hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.
Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində də bir neçə xidmət növü təqdim olunur. Ümumilikdə, Dövlət Miqrasiya Xidməti tərəfindən əhaliyə 11 növ elektron xidmət göstərilir.
AZƏRTAC