“ASAN Viza” vasitəsilə 250-yə yaxın əcnəbiyə elektron viza verilib
“Ötən ilin dekabrın 16-dan indiyə kimi “ASAN Viza” portalı (evisa.gov.az) vasitəsilə 250-yə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib”.
Bunu APA-ya “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib. O bildirib ki, “ASAN Viza” portalı ötən il dekabrın 16-dan test rejimində fəaliyyət göstərir. Portal yanvarın 10-dan tam istifadəyə veriləcək.
Qeyd edək ki, “ASAN Viza” vasitəsilə əcnəbilər onlayn şəkildə müraciət edərək viza ala bilirlər. Ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndərilir. Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.
Apa.az