Monakoda keçirilən beynəlxalq tədbirdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

Posted by

Monakoda keçirilən beynəlxalq tədbirdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

Monakoda keçirilən beynəlxalq tədbirdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

Monakoda keçirilən beynəlxalq tədbirdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

Monako şahzadəsi əlahəzrət II Albertin ali patronajlığı altında noyabrın 23-dən 25-nə qədər keçirilən doqquzuncu Beynəlxalq Sülh və İdman Forumunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycandakı qaçqın və məcburi köçkünlərinin çətin durumu və ölkənin bu icmalarla iş təcrübəsi diqqət mərkəzində olub. Qeyd edək ki, sözügedən tədbir bu ilin noyabrın əvvəlində TEAS və Monakoda yerləşən “Sülh və İdman” Təşkilatı arasında “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının dəstəklənməsi haqqında tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra baş tutub.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, builki forum Avropa qitəsini bürümüş qlobal qaçqın və miqrant böhranı kontekstində keçirilib. 2015-ci ildə dünyada 64 milyondan artıq qaçqın, məcburi köçkün və sığınacaq axtaran insan qeydə alınıb.

 

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter forum çərçivəsində keçirilən “Yeniliklər: idman bir inteqrasiya katalizatoru kimi” adlı sessiyada çıxış edib. Əsasən Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Komissiyası, QHT nümayəndələrindən və idmançılardan ibarət bu sessiyada idmanın qaçqın, miqrant və məcburi köçkünlərin rifahına təsiri məsələsi nəzərdən keçirilib. Lionel Zetter Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə və nailiyyətləri ilə bölüşüb. O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda təxminən doqquz nəfərdən biri qaçqın və ya məcburi köçkündür və bu, dünyada adambaşına düşən ən yüksək göstəricidir. L. Zetter Azərbaycan hökumətinin 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qaçqın və məcburi köçkün əhalisi üçün gördüyü işlər barədə məlumat verib. O, qaçqın və məcburi köçkün gənclər üçün nəzərdə tutulan idman layihələrinin həyata keçirilməsində TEAS-ın rolu haqqında da danışıb.

 

Forum zamanı iştirakçılara “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının bir hissəsi olaraq pedometr (addımları sayan cihaz) taxmaq təklif olunub. Üç günün sonunda addımların ümumi sayı hesablanaraq TEAS tərəfindən “Sülh və İdman” Təşkilatının yerlərdə həyata keçirilən proqramlarına 20 000 avro məbləğində ianə ayrılıb.

 

Avropa Azərbaycan Cəmiyyətinin “Sülh və İdman” Təşkilatı ilə tərəfdaşlığı haqqında danışarkən L. Zetter deyib: “TEAS üçün “Sülh və İdman” Təşkilatı ilə əməkdaşlıq etmək böyük şərəfdir. Biz idmanın imkanlarından istifadə etməklə, insan həyatını yaxşılaşdırmaq və sülhü təbliğ etmək üçün eyni dəyərləri bölüşürük. Bu, xüsusilə, Azərbaycan üçün vacibdir. Ona görə ki, bizim bir milyon yaxın qaçqın və məcburi köçkünümüz var. Biz məmnuniyyətlə “Sülhə doğru bir addım” təşəbbüsünün maliyyələşdirilməsinə qərar vermişik. Bu, ona görədir ki, biz sülhün mərhələli proses olduğunu anlayırıq və ona yalnız bir dəfəyə bir addım atmaqla nail olmaq olar”.

 

Doqquzuncu Beynəlxalq Sülh və İdman Forumu idman və sülh dünyasının 500-ə yaxın nümayəndəsini (hökumətlər, QHT-lər, sponsorlar, xeyriyyə assosiasiyaları və idmançılar) bir araya gətirib və əsas diqqət “Sülh üçün oyun: idman vasitəsi ilə qlobal dəyişikliyin səfərbər edilməsi” mövzusuna yetirilib. Çıxışçılar arasında üç tunisli Nobel mükafatçısı – Abdessətar Ben Moussa, Məhəmməd Fadhel Mahfoudh və Ouided Bouçamaoui, beşqat Olimpiya çempionu və Olimpiya gümüş medalçısı Şarmen Kruks (yüngül atletika, Kanada), BOK üzvü, ikiqat Olimpiya çempionu və Macarıstanın sabiq prezidenti Pol Şmitt (qılıncoynatma) və üçqat Olimpiya çempionu Aya Medani (müasir beşnövçülük, Misir) olub.

 

“Sülh və İdman” Təşkilatı Monako Knyazlığında yerləşən neytral və müstəqil təşkilatdır. Təşkilat idmanı sülh naminə bir alət kimi təbliğ etmək üçün çalışır. 2007-ci ildə hazırkı prezident Joel Bozo tərəfindən təsis edilmiş “Sülh və İdman” Təşkilatı Monako Şahzadəsi Əlahəzrət II Albertin ali patronajlığı altında fəaliyyət göstərən qlobal təşəbbüsdür.

 

Apa.az