Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar ehtiyaclarının ödənilməsi ilə bağlı görülən işlər müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Furio de Angelis ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin humanitar ehtiyaclarının qarşılanması sahəsində Azərbaycanın məqsədyönlü dövlət siyasətinə malik olduğunu qeyd edib: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və respublikamızın ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox insan yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Həmin insanların problemlərinin həlli istiqamətində hələ ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən mühüm tədbirlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkənin bütün sahələrdə dinamik inkişafına səbəb olmaqla yanaşı, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində də mühüm irəliləyişlərə nail olunmasına imkan verib. Onların yeni yaşayış evləri, mənzillərlə təmin olunması üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin salınması, 250 min qaçqın və məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib. Həmçinin son 13 il ərzində məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Onların problemlərinin həlli ilə bağlı digər sahələrdə də əhəmiyyətli işlər görülüb. Beləliklə də, Azərbaycan 1 milyondan çox insanın, yəni dünyada humanitar kömək istəyən 100 milyona yaxın insanın 1 faizinin problemlərini təkbaşına olaraq həll edən bir ölkədir”.
S.Müslümov yoxsulluq səviyyəsinin 5 faizə endiyi ölkəmizdə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında da yoxsulluğun kəskin şəkildə azalaraq son 13 ildə 75 faizdən 12 faizə düşdüyünü diqqətə çatdırıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunan sosial müavinət və pensiyaları, Azərbaycan Prezidentinin aylıq təqaüdlərini, sosial yardımları alanların bir hissəsi də məhz məcburi köçkünlərdir. Onlarla bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərinin davamı kimi, bu ilin 9 ayında nazirliyin xətti ilə 2615 nəfər məcburi köçkün münasib işlərlə təmin edilib, 252 nəfər peşə hazırlığına cəlb olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması istiqamətində proqram icra olunur. Aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına şərait yaradan bu proqramın əhatə etdiyi insanlar arasında məcburi köçkünlər də vardır.”
Ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək bazarında da sabitliyin mövcud olduğunu qeyd edən nazir Azərbaycanın xarici işçi qüvvəsi üçün cəlbedici bir ölkə olduğunu və xarici ölkələrdən işləməyə gələnlərin sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb: “Respublikamızda müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir və sistemin tərkib hissəsi olan fərdi uçot sistemi ölkə vətəndaşları kimi, ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir. Bu da ölkə vətəndaşları ilə bərabər, respublikamızda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək sosial və pensiya hüquqlarının təminatına hüquqi əsas yaradır. Cari ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılmaqla, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı isə 01 noyabr 2016-cı il tarixə 33 355 nəfərə çatıb. Onlar ümumilikdə 120 ölkəni təmsil edirlər”.
S.Müslümov milli qanunvericilikdə əməkçi miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malik olmasının təsbit edildiyini, əməkçi miqrantlara qarşı hər hansı formada ayrı-seçkiliyə yol verilmədiyini, BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sının prinsiplərinə ciddi əməl olunduğunu vurğulayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq əlaqələrindən bəhs edən nazir gələcəkdə də bu əlaqələrin inkişafı üçün məqsədəuyğun işlərin aparılacağını diqqətə çatdırıb.
Furio de Angelis qaçqın və məcburi köçkünlərin humanitar ehtiyaclarının aradan qaldırılması sahəsində ölkəmizdə aparılan işlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maraqla izlənildiyini və müsbət dəyərləndirildiyini vurğulayıb. O, Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə, əməkçi miqrantlara qarşı hər hansı ayrı-seçkiliyin olmamasının, onların sosial müdafiəsinə göstərilən diqqətin də humanitar prinsiplərə uyğun səviyyədə olduğunu və məmnunluq doğurduğunu qeyd edib. Eyni zamanda o, uzun zaman ərzində Azərbaycanda qaçqın kimi yaşayan, lakin başqa dövlətlərin vətəndaşlığını saxlamış şəxslərin və onların ailə üzvlərinin Azərbaycanın mövcud sosial müdafiə sisteminin bütün elementlərindən (sığorta-pensiya, sosial müavinətlər, ünvanlı sosial yardım) Azərbaycan vətəndaşları ilə bərabər səviyyədə təmin olunmaları imkanlarının da müzakirə mövzusu olduğunu bildirib.
Görüşdə qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin humanitar ehtiyaclarının qarşılanması sahəsində gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
AZƏRTAC