Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Posted by

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

 

Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 98 il ötür. Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

 

Bayram ərəfəsində Prezident İlham Əliyev tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi Azərbaycan dövlətinin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.

 

Bayramla əlaqədar silsilə tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib. Habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilib, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend və qısametrajlı film hazırlanıb.

 

Peşə bayramı münasibətilə Ədliyyə Nazirliyində keçirilən təntənəli mərasimin iştirakçıları əvvəlcə əbədiyaşar liderimiz Heydər Əliyevin nazirlikdəki büstü önünə tər çiçəklər qoyublar.

 

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir dövrdə fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

 

Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov builki peşə bayramının həm də ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib. F.Məmmədov əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıb.

 

Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin təltif olunması barədə 2016-cı il 18 noyabr tarixli Sərəncamı elan olunub, yüksək dövlət təltifləri həmin şəxslərə təntənəli şəkildə təqdim edilib. Habelə fəaliyyətində fərqlənmiş digər əməkdaşlara xüsusi rütbələr və mükafatlar verilib.

 

Tədbirə dəvət olunmuş rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Çıxışlarda ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyəti qeyd edilib, ədliyyə işçilərinə xoş arzular çatdırılıb.

 

Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxışlarında onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, ədliyyə sistemində gənclərə hər zaman xüsusi qayğı ilə yanaşıldığını dərin minnətdarlıq hissi ilə qeyd edib, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

 

Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarına əminlik ifadə olunub.

 

AZƏRTAC